Aİ Dövlət Dəniz Administrasiyasına dəstək verdi

Aİ Dövlət Dəniz Administrasiyasına dəstək verdi
  08 Dekabr 2017    Oxunub:1575
Bu gün “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına Dəstək” adlı tvinninq layihəsinin yekun iclası keçirilib.
Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, 1,163,933.40 Avro büdcəsi olan bu layihə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və İspaniyanın, İçtimai İşlər və Nəqliyyat Nazirliyi ilə birgə həyata keçirilib.

Layihənin əsas məqsədi – Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar Beynəlxalq Konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarət olub.

Yekun iclasda Dövlət Dəniz Administrasiyasının rəisinin müavini, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Benefisiar ölkənin və Üzv Dövlətin nümayəndələri və digər rəsmilər iştirak ediblər.

Tədbirdə layihə çərçivəsində dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər barədə, o cümlədən milli qanunvericiliyə edilən dəyişikliklər və qəbul olunan Qanunlar barədə məlumat verildi.

Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətlərinin Audit Sxeminə (İMSAS) əsasən keçirilən audit yoxlamasına hazırlıq prosesində Tvinninq Layihəsinin əhəmiyyətli rolu vurğulanaraq, baş tutmuş yoxlamanın nəticələri yüksək qiymətləndirildi.

İclas zamanı Administrasiyanın tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi nümayiş etdirildi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti