Bu il Nobel mükafatı bu şəxslərə verildi

Bu il Nobel mükafatı bu şəxslərə verildi
  11 Dekabr 2017    Oxunub:2927
Dekabrın 10-da Norveç və İsveçin paytaxtlarında Nobel mükafatının təqdimetmə mərasimləri keçirilib.

2017-cı il Nobel Sülh Mükafatı “Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq kampaniya” (İCAN) təşkilatının İcraçı direktoru Beatrice Fihnə təqdim edilib.
Fizika sahəsində builki Nobel Mükafatı LIGO detektorunun inkişafına verdiyi həlledici töhfələrinə və qravitasiya dalğalarının müşahidəsinə görə üç amerikalı alimə - Rainer Vaisə, Bərri Bərişə və Kip Törneyə verilib.

Kimya üzrə Nobel Mükafatına müvafiq olaraq, məhlulda biomolekulların yüksək həlletmə qabiliyyətli strukturunun müəyyənləşdirilməsi üçün kryo-elektron mikroskopiya texnologiyalarını inkişaf etdirmələrinə görə - alman əsilli amerikan Yoakim Frank, isveçrəli Jak Duboşey və britaniyalı Riçard Handerson layiq görülüblər.

Fiziologiya və təbabət sahəsi üzrə Nobel Mükafatları amerikalı Ceffri C Hall, Maykl Rosbaş və Maykl Yanga təqdim edilib. Onlar bu mükafatı “hüceyrə saatı” adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə alıblar.

Ədəbiyyat sahəsində Nobel Mükafatına isə yapon əsilli britaniyalı yazıçısı Kadzuo İşiquro layiq görülüb.

İqtisadiyyat üzrə Nobel mükafatı “davranış iqtisadiyyatı” sahəsində tədqiqatlarına görə Amerikanın Çikaqo Universitetinin alimi Riçard H. Thalerə verilib.

Üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və məbləği 9 milyon İsveç kronu (təqribən 1,06 milyon dollar) təşkil edən pul mükafatı laureatlara Kralı ХVI Karl Qustav tərəfindən təqdim olunub. Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı da verilib.

Sonda Nobel Mükafatı laureatları və qonaqlar üçün rəsmi ziyafət verilib. (AzərTAc)

AzVision.az


Teqlər: Nobel  





Xəbər lenti