Putindən Ərdoğana Suriya sürprizi - Operativ şərh

Putindən Ərdoğana Suriya sürprizi - Operativ şərh
  11 Dekabr 2017    Oxunub:3344
Bu gün Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfər edəcəyi gözlənilsə də, o, sürpriz edərək Suriyaya gedib. Suriyanın Xmeymim bölgəsində yerləşən Rusiya hərbi hava qüvvələrinin bazasına baş çəkən Putin rus əsgərlərinin Suriyadan çıxarılması haqda əmr verib.
Rusiyanın müdafiə naziri və Baş Qərargah rəisinə Rusiya hərbi birləşmələrinin daimi dislokasiya yerinə qaytarılması barədə tapşırıq verilib.

Rusiya prezidentinin Suriyaya qəfil səfəri və qoşunların bu ölkədən çıxarılması haqda qərarını AzVision.az-a şərh edən politoloq Fikrət Sadıqovun fikrincə, bu səfər Rusiya dövlət başçısının dünya birliyinə, xüsusilə Qərb ölkələrinə mesajıdır:

“Bu mesaj odur ki, İŞİD-ə qarşı mübarizəni aparan və buna son qoyan Rusiyadır. Bu fikir Rusiya prezidentinin çıxışında da səsləndi. Putin bildirdi ki, Rusiya və Suriya orduları İŞİD kimi güclü terror təşkilatını iki il kimi qısa bir zamanda yox ediblər. Həmçinin vurğuladı ki, terrorçular Suriyada yenidən fəallaşsalar onlara daha böyü zərbələr vurulacaq”.

Politoloq qeyd edib ki, rus əsgərləri Suriyadan tamamilə çıxarılmayacaq: “Ordunun müəyyən hissəsi Suriyadan çıxarılacaq. Yəni, Rusiyanın Suriyadakı hərbi bazaları fəaliyyətini davam etdirəcək. Bu o deməkdir ki, Rusiyanın Suriya prezidenti Bəşər Əsədə həm siyasi, həm də hərbi dəstəyi qalacaq”.

F.Sadıqov bildirib ki, Putinin Türkiyəyə səfəri zamanı Suriyaya səfəri və alınan qərarlar müzakirə olunacaq: “Şübhə etmirəm ki, Putinin Türkiyəyə səfəri zamanı Rusiyanın Suriya siyasəti də müzakirə ediləcək. Eyni zamanda rus əsgərinin Suriyadan çıxarılamasından sonra atılacaq addımlar da ərdoğanla müzakirə olunacaq. Eyni zamanda Putin dedi ki, Türkiyə və İranla birlikdə bölgədə sülhün bərpasını başlatmaq istəyir. Hesab edirəm ki, Putin bununla Türkiyə və İran mesaj göndərir”.

“Atlas” Araşdırmalar Mərkəzinin və Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da AzVision.az bildirib ki, Putin bununla dünyaya mesajlar verdi:

“Birincisi, Putin Suriyaya gəlməklə beynəlxalq aləmə mesaj göndərdi ki, məhz Rusiya ordusunun səyləri nəticəsində Suriyada beynəlxalq terrorçuların kökü kəsildi. İkincisi, Putin Suriyaya Türkiyə səfərindən öncə getdi. Bununla Putin türkiyəli həmkarı və dostu Rəcəb Təyyub Ərdoğana mesaj ünvanladı ki, Türkiyə liderinin Suriya prezidenti Bəşər Əsədə qarşı siyasətini qəbul etməyəcək. Ərdoğan Putinin bu istəyini artıq qulaqardına vura bilmir. Təsadüfi deyil ki, Ərdoğan və Türkiyənin digər rəsmiləri son aylarda Əsədin adını çəkmirlər.

Putin bundan əlavə Suriyada ölkəsinin iki hərbi bazasının varlığına işarə etdi. Halbuki, terrorçulara qarşı əməliyyata qədər Rusiyanın Suriyada cəmi bir hərbi bazası var idi. Putin indi demək istəyir ki, Rusiya Suriyada böyük işlər görüb, itkiləri olub və bunun müqabilində bu ölkədəki hərbi varlığını daha da gücləndirəcək”, - politoloq bildirib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti