Tələbələr köçürülərkən ballar nəzərə alınmayacaq

Tələbələr köçürülərkən ballar nəzərə alınmayacaq
  13 Dekabr 2017    Oxunub:2227
Azərbaycanda tələbələrin köçürülməsi zamanı Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında toplanılan balın nəzərə alınmayacağı hallar açıqlanıb.
AzVision.az-ın məlumatına görə, bu hallar Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair qaydalar”da öz əksini tapıb.

Qaydalara əsasən, bır sıra hallarda bakalavriat səviyyəsində (hüquqşünaslıq və baza ali tibb ixtisasları istisna olmaqla) tələbənin köçürülməsi DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılacaq. Həmin hallar bunlardır:

1. Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürüldükdə;

2. Ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionda yerləşən (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürüldükdə;

3. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edildikdə;

4. Ölkə ali təhsil müəssisələrinə beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT, TOEFL İBT, İELTS və s.) əsasında qəbul olunduqda.

Qaydalar əsasən, magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın.

Yalnız aşağıdakı hallarda magistratura səviyyəsində (hüquqşünaslıq ixtisası istisna olmaqla) tələbənin köçürülməsi DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılacaq:

1. Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən öz ixtisası (ixtisaslaşması) üzrə ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə köçürüldükdə;

2. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası (ixtisaslaşması) üzrə kadr hazırlığı aparılmadıqda öz ixtisaslaşması üzrə digər ali təhsil müəssisəsinə və ya həmin müəssisədə öz ixtisasına daxil olan digər ixtisaslaşma üzrə tələbələr sırasına daxil edildikdə.

Qaydalara əsasən, DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı tələbənin beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal), qənaətbəxş akademik göstəriciləri, köçürülmə səbəbləri, təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması nəzərə alınacaq.

AzVision.az


Teqlər: Təhsil   Tələbə  





Xəbər lenti