Türkiyə XİN: Ermənistan Xocalı qətliamına görə cavab verməlidir
Bəyanatda bildirilir ki, Ermənistanın bu neqativ mövqeyinə baxmayaraq, Türkiyə protokolların əsas müddəalarına sadiqliyini qoruyur: “Protokollar hələ də TBMM Xarici işlər komissiyasının gündəmindədir və ratifikasiya olunmaq üçün Cənubi Qafqazda uyğun siyasi atmosferin və sülh ortamının yaranması zəruridir. Ölkəmizin protokol prosesində əsas məqsədi Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin Cənubi Qafqazda əhatəli sülh və sabitliyi təmin edəcək şəkildə həyata keçirilməsi, bu çərçivədə Yuxarı Qarabağ probleminin həlli prosesində BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü təməlində irəliləyiş əldə olunması idi. İstənilən halda, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır”.
Bəyanatda E.Nalbandyanın uydurma “erməni soyqırımı” barədə iddialarının da həqiqətdən uzaq olduğu qeyd edilir: “Ermənistandan gözləntimiz mübahisəli tarixi mövzuları kənara qoyub, yaxın tarixin ən önəmli insanlıq cinayətlərindən biri olan Xocalı qətliamının hesabını verməsidir”.
Xatırladaq ki, E.Nalbandyan Yunanıstana səfəri zamanı bu ölkənin Xarici İşlər Nazirliyində çıxışında Türkiyə ilə imzalanmış protokolların həyata keçməməsində Ankaranı ittiham edib. O bildirib ki, Ermənistan 2018-ci ilin yazına qədər bu protokolları ləğv edəcək. (APA)
AzVision.az
Teqlər: Türkiyə XİN Xocalı Ermənistan