İlham Əliyev sorğuda birinci oldu

  24 Sentyabr 2013    Oxunub : 550
İlham Əliyev sorğuda birinci oldu
Azərbaycanda prezident seçkilərində “exit-poll” keçirəcək “Arthur J. Finkelstein and Associates” seçki ərəfəsində apardığı sorğunun nəticələrini açıqladı.

“APA Holding” MMC-nin dəvəti ilə oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində “exit-poll” təşkil edəcək ABŞ-ın “Arthur J. Finkelstein and Associates” (AJF) şirkəti seçki öncəsi sorğu keçirib.

APA-nın məlumatına görə, şirkətin apardığı sorğunun nəticələrinə görə, seçkilərə 2 həftə qalmış seçicilərin 86%-i hazırkı prezident İlham Əliyevi dəstəkləyir. Seçkidə hər zaman iştirak etdiyini bildirənlər arasında prezidenti dəstəkləyənlər 90.5% təşkil edir.

“Biz bu məlumatın dəqiqliyinə əminik”, - deyə “Arthur J. Finkelstein and Associates” şirkətinin icraçı direktoru Corc Birnbaum (George E. Birnbaum) bildirib.

C. Birnbaum bildirib ki, prezidentin reytinqi təkcə sürətlə artan Azərbaycan iqtisadiyyatı ilə deyil, həm də onun güclü liderliyi ilə əlaqədardır.

“Keyfiyyətli və geniş araşdırma göstərir ki, Azərbaycanın təhlükəsizliyi və daxili məsələlər seçicilər arasında əsas prioritet təşkil edən məsələlərdir, bu da İlham Əliyevə dəstəkdə özünü göstərir. Seçicilər hesab edir ki, o, ölkəni irəli aparır və onu qorumağa davam edəcək”, - deyə C. Birnbaum bildirib.

Respondentlərin 87%-i hesab edir ki, İ. Əliyev ölkəni terror aktlarından qoruyub, 82%-i hesab edir ki, Azərbaycanı erməni təcavüzündən qoruyub.

1 milyondan artıq azərbaycanlının didərgin düşməsi ilə nəticələnən Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı seçicilərin ağrılı problem olaraq qalır. BMT, Avropa Birliyi və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr bunu beynəlxalq hüququn pozulması kimi xarakterizə etsə də, Ermənistan işğala son qoymaqdan imtina edir.

Münaqişə seçiciləri hiddətləndirməkdə davam edir. “Azərbaycan barədə düşünəndə ağla nə gəlir” sualına birinci cavab “Vətən”, ikinci cavab isə “Dağlıq Qarabağ” olub, bu, seçicilərin güclü vətənpərvərlik və millətçilik hisslərini ifadə edir.

Sorğunun nəticələrinə əsasən, müxalifət namizədlərinin reytinqləri çox aşağıdır. Ən məşhur opponent hesab edilən Cəmil Həsənli seçicilərin yalnız 10,5%-i tərəfindən dəstəklənir. İlham Əliyev və Cəmil Həsənlinin səsləri arasındakı 75,5%-lik fərq hazırkı prezident İlham Əliyevin oktyabrın 9-da keçiriləcək prezident seçkilərində tam qələbə qazanacağını göstərir.

C. Birnbaum bildirib ki, seçicilərin prezidentin fəaliyyətini necə qiymətləndirilməsi, ona şəxsi səviyyədə qətiyyətli dəstəyin göstərilməsi və müxalifətin xalqı həyəcanlandıracaq bir namizədin irəli sürməməsi arasında qarşılıqlı əlaqə var.

Sorğu 1000-ə yaxın seçici arasında avqustun sonu, sentyabrın əvvəlində yerli araşdırma şirkəti olan Tərəqqi İnstitutu ilə əməkdaşlıq çərçivəsində keçirilib. Nisbi xəta +/- 2.77%-dir.

Qeyd edək ki, bu il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində “exit-poll”u ABŞ-ın “Arthur J. Finkelstein & Associates” (AJF) şirkəti həyata keçirəcək.

Şirkəti Azərbaycana media tərəfdaşı olan “APA Holdinq” dəvət edib. Bununla bağlı tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, AJF ABŞ-da fəaliyyət göstərən nüfuzlu şirkətdir. Bu şirkət “exit-poll”, rəy sorğuları, analiz, media strategiyası və imic məsləhətləri kimi xidmətlər göstərir.

Şirkət nümayəndələri 40 il ərzində ABŞ, Kanada, İsrail və Şərqi Avropada müxtəlif siyasi kampaniyalarda məsləhətçilik edib, sorğular keçirib, strategiyalar hazırlayıblar.

Teqlər: