Dünyanın gündəmini dəyişən hadisələr: Prezidentin qətli, Ağ Evdən Qüdsədək...

Dünyanın gündəmini dəyişən hadisələr: Prezidentin qətli, Ağ Evdən Qüdsədək...
  18 Dekabr 2017    Oxunub:21450
Yola salmağa hazırlaşdığımız 2017-ci ildə dünyada bir çox hadisələr baş verdi. Trampın qalmaqal yaradan qərarları, İŞİD-in süqutu, separatçıların referendumu, 37 ildən sonra prezidentin devrilməsi, Qüds böhranı ilin ən mühüm hadisələri sırasındadır.
AzVision.az ilin ən önəmli hadisələrinin xronikasını təqdim edir:

20 yanvar – ABŞ-da prezident seçilən Donald Tramp vəzifə səlahiyyətlərini icra etməyə başlayıb. Tramp Birləşmiş Ştatların 45-ci prezidenti kimi qalmaqallı qərarları ilə tarixə düşüb.



17 fevral – Sakit okeanın cənubunda böyük hissəsi suyun altında olan Zealandia adlı qitə aşkarlanıb. "GSA Today" jurnalında bu barədə geniş araşdırma dərc olunub.



7 May – Emmanuel Makron Marin Le Penə qalib gələrək Fransa prezidenti seçilib. Makron prezident seçkilərinin ikinci turunda seçicilərin 66,1%-nin səsini toplayıb.



4 İyul – Şimali Koreya ilk dəfə qitələrarası ballistik raketi sınaqdan keçirib. Şimali Koreyadan atılan raket Yapon dənizinə düşüb. Bundan sonra dünya birliyi Şimali Koreyaya qarşı sanksiya tətbiq edib.



9 İyul – İraqın baş naziri Heydər əl – Abadi Mosulun İŞİD terror təşkilatından azad olunduğunu bəyan edib. Bununla İŞİD-in 2014-cü ildən Mosuldakı hakimiyyətinə son qoyulub.



25 Sentyabr – İraqın Kürdüstan vilayətində müstəqillik uğrunda referendum keçirilib. Nəticələrə əsasən səsvermədə iştirak edənlərin böyük əksəriyyəti – 92,73 faizi vilayətin müstəqilliyinin lehinə səs verib. Kürd referendumu dünyanın və regionun aparıcı dövlətləri tərəfindən tanınmayıb.



1 Oktyabr – İspaniyanın Kataloniya vilayətində müstəqillik referendumu keçirilib. Nəticələrə əsasən səsvermədə iştirak edənlərin böyük əksəriyyəti – 90,18 faizi vilayətin müstəqilliyinin lehinə səs verib. Səsvermə dünya birliyi və İspaniya mərkəzi hökuməti tərəfindən tanınmayıb və Kataloniya rəhbərliyi istefaya göndərilib.



5 Oktyabr - "The New York Times" nəşri Hollivud prodüseri Harvi Vaynşteynin cinsi təcavüzü haqqında araşdırma dərc edib. Hollivudun məşhur xanım aktyorları onu tənqid ediblər.



17 Oktyabr – ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri və Suriya Demokratik Qüvvələri İŞİD-in paytaxtı elan olunan Suriyanın Rakka şəhərini terrorçulardan azad edib. Şəhərin azad olunması ilə bağlı döyüşlər dörd aydan çox davam edib.



30 Oktyabr - Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verilib. Layihənin tikintisinə 2007-ci ildə başlanılıb və "Dəmir İpək Yolu" adlandırılıb. Bakıda keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, eləcə də 3 ölkənin digər rəsmi şəxsləri, nəqliyyat sektorunun təmsilçiləri iştirak ediblər.



21 Noyabr – Zimbabvedə hərbi çevriliş baş verib. Ölkədə 37 il hakimiyyətdə olan Robert Muqabe parlament tərəfindən istefaya göndərilib. Gələn il ölkədə 37 ildən sonra prezident seçkilərinin keçirilməsi gözlənilir.



4 Dekabr - Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehi üsyançı husilər tərəfindən qətlə yetirilib.



5 Dekabr – Xəzəryanı ölkələrin XİN rəhbərlərinin Moskva görüşündə Xəzərin hüquqi statusu razılaşdırılıb. Yekun konvensiyanın gələn il Qazaxıstanda keçiriləcək sammitdə Xəzəryanı ölkələrin rəhbərləri tərəfindən imzalanması gözlənilir.

6 Dekabr – ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıdığını bəyan edib. Bu qərar Avropa və müsəlman ölkələri tərəfindən sərt şəkildə tənqid olunub. Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının Qüdsə bağlı fövqəladə zirvə toplantısı keçirilib. Şərqi Qüds Fələstinin paytaxtı elan olunub. Dünyanın bir çox ölkələrində Trampın qərarına qarşı etiraz aksiyaları keçirilib.



Hazırladı: Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti