Sudan mediası “Azərtac” ilə əməkdaşlığa can atır
Qonaqlara Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolu barədə məlumat verilib. Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin banisi olan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Bakı hazırda dünyanı narahat edən bir çox qlobal problemlərin müzakirə olunduğu məkana çevrilib. Burada keçirilən mötəbər beynəlxalq forumlarda Nobel mükafatçıları, dövlət xadimləri, diplomatlar fəal iştirak edirlər. Ötən ilin noyabrında Dünya Xəbər Agentliklərinin Bakı Konqresində 80-dən çox ölkənin 200-dək təmsilçisi və media ekspertləri səmərəli müzakirələr aparıblar.
“Əl-Şruq” telekanalının əməkdaşı xanım İkram Məhəmməd Abdulla qeyd edib ki, Sudan hazırda dünyaya çıxış üçün mətbuatın imkanlarından geniş istifadə etməyə çalışır. “Bu istiqamətdə böyük təcrübəsi olan və dünyanın nüfuzlu media təşkilatlarına sədrlik edən AZƏRTAC ilə əlaqələrin qurulmasını çox istəyirik. Düşünürəm ki, təcrübə mübadiləsində də bizə çox kömək edə bilərsiniz”, - deyə o qeyd edib.
Görüşdə qonaqların Azərbaycandakı tolerantlıq mühiti, sağlamlıq turizmi ilə bağlı sualları cavablandırılıb. Onlar, həmçinin ölkənin turizm infrastrukturu barədə məlumatlandırılıb. Müzakirələrdə müasir medianın inkişaf tendensiyaları, birgə layihələrin reallaşdırılması imkanları, qarşılıqlı səfərlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sudanlı jurnalistlər AZƏRTAC-ın fotoinformasiya baş redaksiyası və videoxəbər xidmətinin fəaliyyəti ilə də tanış olublar.
Teqlər: