Misirli xəttat Bakıda tələbələrə mühazirə dedi

Misirli xəttat Bakıda tələbələrə mühazirə dedi
  19 Dekabr 2017    Oxunub:1972
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu birgə təşkilatçılığı ilə 18-22 dekabr tarixlərində Misirin Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi və Misirin məşhur xəttatı Mustafa Məhəmməd Amri ölkəmizdə səfərdədirlər.
Bu barədə Misir səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Dekabrın 18-də Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Misirli professor Əbdül Rəhim Əl-Kurdi Bakı Dövlət Universitetində tələbələr qarşısında mühazirə söyləyib.

Tədbiri giriş sözü ilə Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov açaraq, misirli alimləri iştirakçılara təqdim edib.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri çıxışında Əhməd Sami Elaydi ərəb dilinin 1973-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyasında qurumun rəsmi dili elan edildiyini deyərək, 2010-cu ildən etibarən 18 dekabr tarixinin Beynəlxalq Ərəb Dili günü kimi qeyd edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, misirli dilçi alimlərin Azərbaycana səfəri hər iki xalqın arasında mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə vermək məqsədi daşıyır.

Süveyş Kanalı Universitetinin professoru mühazirəsində ərəb dilinin tarixi və indiki inkişaf mərhələsi barədə fikirlər səsləndirib. O, bildirib ki, ərəb dili beynəlxalq sənədlərin qeydə alındığı rəsmi bir dil kimi Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edildikdən sonra onun öyrənilməsinə dünya vətəndaşlarının tələbatı artdı.

Hazırda Oksford, Kembridc, Sorbonne, Berlin, Sankt Peterburq, Çin, Amerika, Kanada, Avstraliya və Latın Amerikasının nüfuzlu universitetlərində Ərəb dili şöbələri fəaliyyət göstərir.

Misirli alim qeyd edib ki, ərəb dilinə artan marağa görə, dilin sadələşdirilməsi, müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından mütəxəssislərin üzərinə böyük məsuliyyət düşür.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Misir  





Xəbər lenti