Bakıda 1 mln 485 min insan fasiləsiz su ilə təchiz olunur

Bakıda 1 mln 485 min insan fasiləsiz su ilə təchiz olunur
  25 Sentyabr 2013    Oxunub:1266
Son 10 ildə Azərbaycanın su təchizatı və kanalizasiya sektoruna 2,8 milyard manatdan çox vəsait ayrılıb
2003-2013-cü illərdə Bakının mərkəzləşmiş qaydada içməli su ilə təmin olunan sakinlərinin sayı xeyli artıb. Azvision.az-ın məlumatına görə, bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan partiyasının rəsmi saytına müsahibəsində deyib.

O, qeyd edib ki, 10 il əvvəl Bakı şəhərində 1 milyon 560 min sakin mərkəzləşmiş qaydada içməli su ilə təmin olunurdusa, indi bu rəqəm 2 milyon 366 min nəfər təşkil edir:
"Bu özünü istehlak olunan suyun həcmində də göstərir. Belə ki, əgər 2003-cü ildə Bakı şəhəri və Abşeron yarımadasına müxtəlif mənbələrdən 564 milyon kubmetr su verilmişdisə, 2012-cü ildə bu göstərici 23 faiz artaraq 696 milyon kubmetrə yüksəlib. 2011-2013-cü illər ərzində Bakı şəhəri və onun qəsəbələrində həyata keçirilmiş layihələr nəticəsində daimi içməli su alanların sayı 600 min nəfər artıb. Ən son məlumatlara görə, Bakı şəhəri və onun qəsəbələrində 1 mln 485 min insan sutkada 24 saat fasiləsiz su ilə təchiz olunur".

ASC sədrinin sözlərinə görə, həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində son 10 ildə 4280 km uzunluğunda içməli su xətti çəkilib, 36 suqəbuledici qurğu, 164 su anbarı, 74 su nasos stansiyası tikilib, 175 artezian və subartezian quyusu qazılaraq istismara verilib. Hesabat dövründə tullantı sularının axıdılması sahəsində də mühüm işlər görülüb. 2003-2013-cü illərdə 1490 km uzunluğunda kanalizasiya xətləri çəkilib, 3 çirkab sutəmizləyici qurğu tikilib, daha 3 qurğu təmir edilib, 20 kanalizasiya nasos stansiyası inşa edilib. Bütün bunlar kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşmasına səbəb olub.

Q.Hüseynov bildirib: "Ümumilikdə 2003-2013-cü illərdə su təchizatı və kanalizasiya sektoruna müxtəlif mənbələr hesabına 2,8 milyard manatdan çox vəsait ayrılıb. Bunun 1,8 milyardı dövlət büdcəsinin, 779 milyon manatı Dövlət Neft Fondunun, 196 milyon manatı isə xarici maliyyə qurumlarının payına düşür".


Teqlər:





Xəbər lenti