Nuş olsun, həzərat! Avropa həşərat yeməyə başlayır

Nuş olsun, həzərat! Avropa həşərat yeməyə başlayır
  20 Dekabr 2017    Oxunub:5862
Avropa Birliyinin Qida Təhlükəsizliyi Agentliyi onlarla növ həşəratın yeyilməsinə icazə verib. İndi orada da restoranlarda Çində, Vyetnamda və bir çox Asiya ölkələrində olduğu kimi çeşidli növdə həşərat sifariş verib, yemək mümkün olacaq.
Bir çox Avropa ölklərində həşərat yetişdirən fermalar yaradılır ki, Hollandiyada onların sayı artıq 30-u keçib. Finlandiyada isə bir neçə aydır, çəyirtkəli çörək, cırcıramalı şokolad istehsal edirlər və camaat onu çox həvəslə alır.

Avropa bununla həm də gələcəyə hazırlaşır. Bəzi ekspertlərin düşüncələrinə görə, əhali bu cür artarsa, 2050-ci ildə insanları ərzaqla təmin etmək üçün bizim planet indikindən iki dəfə böyük olmalıdır. Bunu etmək mümkün olmadığından, az yer tələb edən ərzaq istehsalına üstünlük verilməsi məsləhət görülür ki, bu da həşərat yetişdirməkdir.



Hesablamalar göstərir ki, bir kilo adi ət üçün 20 kq. yem gərəkdir, ancaq həşəratlardan əldə edilən bir kilo zülal istehsalına cəmisi 2 kq ot tələb olunur. Həm də bəzi təhlükəli tərəflərilə yanaşı, həşaratlar bizim indi yediyimiz ətlərdən daha faydalıdır və tərkibi bir çox vitaminlərlə zəngindir.

Orasını da deyək ki, Avropadan çox-çox qabaq Afrikanın 36, Asiyanın 29, Amerika materikinin isə 23 ölkəsində həşəratlardan ərzaq kimi istifadə ediblər və indi də edirlər. Yeməli həşəratların növünün 1400-1900 arasında olduğu bildirilir. Yəni uçan, sürünən, gəzən nə varsa, insan oğlu yeyir və gələcəkdə belələrinin sayı daha da artacaq.

Bir sözlə, Avropa yenidən qoca Şərqin getdiyi yola qayıdır. Yəqin, sonradan bu "tapıntı"nı da öz adlarına yazacaqlar. Ermənilər isə sübut etməyə çalışacaqlar ki, dünyada ilk həşərat yeyən xalq onlar olublar.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: #Avropa   #Həşərat   #Qida  





Xəbər lenti