DİN İqbal Ağazadə ilə bağlı məlumatı təkzib etdi

DİN İqbal Ağazadə ilə bağlı məlumatı təkzib etdi
  25 Sentyabr 2013    Oxunub:1286
Prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin seçki qərargahı dünən 25 təşviqatçının saxlanıldığı barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, onlar Sumqayıtda türkiyəli müğənni Rafet El Romanın konsertində təşviqat aparırlarmış.
Saxlanılan şəxslər polis əməkdaşlarına izah etməyə çalışıblar ki, Seçki Məcəlləsi kütləvi tədbirlərdə təşviqatın aparılmasını qadağan etmir. Lakin polis əməkdaşları Seçki Məcəlləsini tanımadıqlarını bildiriblər və 25 təşviqatçı polis şöbəsinə aparılıb.

DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov Virtualaz.org-a verdiyi açıqlamasında bildirib ki, İqbal Ağazadənin verdiyi məlumat tamamilə uydurmadır: ”Çox təəssüf edirəm ki, prezidentliyə namizəd, partiya sədri olan birisi seçki ərəfəsində ictimaiyyətə yalan məlumat verməkdən çəkinmir. Bilərəkdən əsassız olaraq iddia edir ki, guya dünən Sumqayıt şəhərində polis onun 25 təşviqatçısını saxlayıb və üstəlik polislər guya deyiblər ki, biz Seçki Məcəlləsini tanımırıq... Bəli, dünən Sumqayıt şəhərində məşhur türkiyəli müğənni Rafet El Romanın konsertində ictimai asayişi və təhlükəsizliyi təmin edən polis əməkdaşları bir qrup çəxsin təşviqat aparmalarını görüblər. Lakin Seçki Məcəlləsinin bütün maddələrinə yaxşı bələd olan polislər nəinki onlara yaxınlaşmayıblar, hətta onların kimlikləri ilə belə maraqlanmayıblar. Prezidentliyə namizəd saxlanıldıqlarını iddia etdiyi o 25 nəfərdən cəmi birinin ad və soyadını deyə bilərmi? Deyə bilməz, çünki belə bir fakt yoxdur. Görünür, partiya sədri belə uydurma açıqlamalar verməklə seçki ərəfəsində ölkədə hökm sürən demokratik mühitə, namizədlərin təşviqatı üçün yaradılan ideal şəraitə kölgə salmağa, bununla da dövlətimizin beynəlxalq nüfuzuna xələl gətirməyə və nəhayət, polisi qanunazidd hərəkətlərdə əsassız suçlamağa uğursuz cəhd edir. Bu isə prezidentliyə namizəd və partiya sədri olan şəxsə yaraşan əməl deyil...”.



Teqlər:





Xəbər lenti