Cocuq Mərcanlıya ikinci köç nə vaxt başlayacaq? - Hamı o günü gözləyir

Cocuq Mərcanlıya ikinci köç nə vaxt başlayacaq? - Hamı o günü gözləyir
  22 Dekabr 2017    Oxunub:2020
Cocuq Mərcanlıda ikinci mərhələdə tikilən 100 ev açılış üçün tam hazırdır.
Cəbrayıl rayon, şəhid Novruz Aslanov adına Cocuq-Mərcanlı tam orta məktəbin direktoru Zamin Həziyev AzVision.az-a bildirib ki, yeni mənzillər yaşayış üçün hazır olsa da, açılış mərasiminin nə zaman olacağı dəqiq məlum deyil: “Açılış mərasimi ya bu ilin sonu, ya da növbəti ilin ilk ayında olacaq”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bu barədə dəqiq məlumata malik olmadığını deyib.

Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov AzVision.az-a isə bildirib ki, ölkənin müxtəlif bölgələrində yaşayan Cocuq Mərcanlı sakinləri doğma kəndlərinə köçmək üçün hələ də müraciət edirlər.

"İşğaldan əvvəl kənddə 400 ailə yaşayıb. Köçmək üçün hər kəs müraciət edir. Birinci mərhələdə 50 ailə köçürülüb. Növbəti mərhələdə müraciət edənlərdən daha 100 ailə yeni tikilən evlərə köçürüləcək".

Qeyd edək ki, yanvarın 24-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayılrayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Ümumilikdə isə ikinci mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb. Qəsəbədaxili yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətlərinin çəkilişi başa çatıb. Bütün infrastruktura malik qəsəbədə sakinlərin yaşayışı üçün hər cür şərait yaradılıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Cocuq-Mərcanlı  





Xəbər lenti