Ermənistanın yeni baş nazirini Rusiya müəyyən edəcək

Ermənistanın yeni baş nazirini Rusiya müəyyən edəcək
  24 Dekabr 2017    Oxunub:1894
Ermənistanın baş nazir vəzifəsinə yeni namizədi Rusiya ilə razılaşdırılmalıdır.

AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, Rusiya mətbuatı davamlı olaraq Ermənistanın baş naziri məsələsini gündəmdə saxlayır.
Mətbuatda 2018-ci ildə fəaliyyətdə olan prezidentin (Serj Sarkisyan - red) Ermənistanın baş naziri olacağına dair Rusiya Dövlət Duması deputatının açıqlaması yer alıb. Bunun ardınca Rusiyanın Xarici İşlər Nazirliyinin naməlum əməkdaşı adından "Ermənistanın yeni baş nazir namizədinin seçimi Moskva ilə öncədən razılaşdırılmadan aparıla bilməz" deyə məqalə dərc olunub.

Gələn il Rusiyanın özündə prezident seçkilərinin olmasına baxmayaraq, hər dəfə Ermənistanın bir nömrəli məsələsinin - baş nazir seçiminin Kremlin müdaxiləsi olmadan həll edilə bilməyəcəyi xatırladılır. Bunun bilərəkdən edildiyi, yoxsa Rusiya XİN əməkdaşının subyektiv fikri olduğunu demək çətindir.

Rusiyanın Xarici İşlər Nazirliyinin adı çəkilməyən əməkdaşının sözlərinə görə, onun ölkəsini siyasi keçid mərhələsindən sonra Ermənistan hökümətinə kimin başçılıq edəcəyi daha çox maraqlandırır. Həmin şəxs Ermənistanın gələcək daxili quruluşunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından əhəmiyyətli hesab edir.

XİN rəsmisi həm də 2014-cü ildə Serj Sarkisyanın baş nazir olmaq istəmədiyi barədə verdiyi bəyanatı yada salıb. Ancaq indi Serj Sarkisyan bu sual ətrafında dolayı cavablar verir.

Rusiya rəsmisi növbəti dəfə xatırladıb ki, Moskvanın razılığı olmadan baş nazir məsələsi həll edilə bilməz. O, digər tərəfdən Serj Sarkisyanın bir vaxtlar başqa cür danışdığını, indi fikrini dəyişdiyini diqqətə çatdırıb.

Moskvanı indiki prezidentin namizədliyi qane etmir? Bunun cavabını zaman göstərəcək.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   Sarkisyan  





Xəbər lenti