`Müxalifət bu günə qədər 17 seçkini uduzub`

`Müxalifət bu günə qədər 17 seçkini uduzub`
  25 Sentyabr 2013    Oxunub:1604
“Cəmil Həsənli üçün toplanan imzaların çoxu vaxtı keçmiş şəxsiyyət vəsiqələrinin hesabına olub”

Suallara AXCP-nin Naxçıvan təşkilatının sədr müavini və Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayənmdəsi vəzifəsindən istefa edən Həsən Şıxəliyev cavab verib. Müsahibimiz müxalifət düşərgəsi haqqında bir sıra maraqlı fikirləri ilə diqqəti cəlb edib.

- İstefa verəndən sonra sizinlə bağlı müəyyən fikirlər işlədilib, xüsusilə “El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev sizi təhqir edib. Bu hadisələrdən sonra sizin bu şəxslə kontaktınız olubmu?

- Xeyr. Mənim Eldəniz Quliyevlə heç bir əlaqəm olmayıb, ümumiyyətlə bu şəxsə diqqət ayırmağı itirilmiş vaxt hesab edirəm. Odur ki, ona reaksiya verməyi özümə yaraşdırmadım. Həm də iş ondadır ki, mən AXCP-dən istefa vermişəm. Yəni mənim istefam, verdiyim açıqlamalrın bu şəxsə aidiyyəti yoxdur. Ancaq görünən budur ki, o diqqət mərkəzində olmağı çox sevir. Mən ona məsləhət görürəm ki, daima diqqət mərkəzində qalmaq istəyirsə özünü şou biznesə transfer etsin. Onsuz da ətrafında üç adam belə yoxdur. Gedib İslam Partiyasının üzvlərini aldadaraq Milli Şuraya gətirmişdi. İndi də İslam Partiyası İlyas İsmayılovun namizədliyini dəstəkləyir. Yalnız bu fakt cənab Quliyevin nə dərəcədə ciddi adam olduğunu göstərir. Yalandan təşkilatın adını qoyub Ziyalılar Hərəkatı. “El” Hərəkatında nə qədər adam varsa, Ziyalılar Hərəkatında da bir o qədər ziyalı “var”.
İkincisi, mənimlə bağlı bəzi AXCP üzvləri də müəyyən sözlər işlədiblər. Mən onları başa düşürəm. Ancaq mən heç kimin ünvanına təhqiramiz fikirlər işlətməmişəm. Mənimlə bağlı fikirlər deyənlər bir çönüb arxalarına baxsınlar. Düz 20 ildən çoxdur ki, müxalifətdədirlər, amma bir-birini qəbul edə bilmirlər. Səbəb sadədir: bir-birlərini nifrət edirlər. Belə qüvvə sizcə, hakimiyyətə gələ, ölkəni idarə edə bilərmi? Onlar hamıdan gözəl bilirlər ki, namizədliklərini irəli versələr çox cüzi bir qrup tərəfindən dəstəklənə bilərlər. Odur ki,ilk olaraq Rüstəm İbrahimbəyovdan yapışdılar.Rüstəm İbrahimbəyovda senaristi və rejisoru olduğu filmdə onlara baş rolları verdi. Sonradan aydın oldu ki,kişi sən demə gizgi filmi çəkibmiş.Özünün dediyi kimi bəzi səbəblərdən respublikaya gələ bilmədiyinə görə öz yerinə namizədlər təqdim etməklə Moskvadan seçkiyə rəhbərlik etməklə ikinci filminə baş rolda Cəmil Həsənlini çəkməyə başladı. Cəmil Həsənlini irəli verərək onun arxasında gizlənirlər. 1993-cü ildən bu yana bu qüvvələr müxalifətdə olublar və düz 17 seçkini uduzublar. Reallıq bundan ibarətdir. Dünyanın hansı ölkəsində 17 seçkini uduzan partiya və ya siyasətçi iddialarını davam etdirir? Bilirsinizmi, mən bunları deyəndə bəziləri düşünür ki, mən qərəzlə danışıram. Bu əsla belə deyil. Mən hesab edirəm ki, müxalifətdə uzun müddət qalmaq siyasi etika baxımından doğru deyil. Əgər sən bir seçkini uduzmusansa, deməli ən azından yenidən namizəd olmaq haqda düşünməməlisən. Ancaq bizim faciəmiz odur ki, hərə bir partiyanı işğal edib və hesab edir ki, ömrünün sonuna qədər bu cür davam edə bilər. Mən buna qarşıyam və hesab edirəm ki, uzun illər seçkilərdə uğur əldə edə bilməyənlər getməli və yerlərinə yeni simalar gəlməlidir. Bunlar Avropa siyasətini daima misal çəkirlər, övladlarını orada oxudurlar, ancaq nədənsə onların seçkilərdən sonra atdığı addımları təkrarlamaq istəmirlər. Buna da ancaq ikili standart demək olar. Bunlar AXCP, Müsavat, AMİP, ALP və digər partiyaların liderlərinə aiddir. Görünən budur ki, onlar hakimiyyətə gəlib xalqa xidmət etməkdən daha çox, hakimiyyətin verdiyi imkanlardan yararlanaraq zənginləşmək istəyirlər. Bunu mən deyil, onların atdıqları addımlar göstərir.

- Seçkidə namizədlərin teledebatını necə qiymətləndirirsiniz və özünüz kimə səs verəcəksiniz?

- Mən hazırda namizədlərin seçki platforması ilə tanış olmağa çalışıram. Ancaq onlar cəmiyyətə platforma təqdim etmək əvəzinə daha çox bir-birlərini söyürlər. Əlbəttə, bu heç də ürək açan mənzərə deyil. Hafiz Hacıyevlə Cəmil Həsənli arasında baş verənlərə ad vermək mümkün deyil. Mən hesab edirəm ki, insanlar, xüsusilə prezidentliyə namizəd olan şəxslər danışarkən bir qədər məsuliyyətli olmalıdırlar. Həm də Hafiz Hacıyevdən müəyyən addımlar gözləmək olar. Ancaq Cəmil Həsənli professor adamdır. Onun da Hafiz Hacıyevi təkrar edən çıxışlar etməsi lap biabırçılıqdır. Baxın, Hafiz Hacıyev Cəmil Həsənlini və onun ailəsini təhqir edir, Cəmil Həsənli isə bunun əvəzində prezidenti hədəfə alır. Bu da qəbulolunmazdır. Mən bildiyim qədər MSK faktla bağlı hər iki namizədə xəbərdarlıq edib. Ümid edirəm ki, onlar bu xəbərdarlıqdan müəyyən nəticələr çıxaracaqlar. Müxalifət liderləri isə Hafiz Hacıyevi tənqid edir, Cəmil Həsənliyə isə bəraət qazandırmağa çalışırlar. Bu da, əlbəttə doğru yanaşma deyil və demək mümkünsə siyasi ikiüzlülükdür. Bəlkə də Hafiz Hacıyev elə özü qəsdən provokasiya yaradır.İndi kim kimnəndi bəlli deyil.

- Seçki kampaniyasında iştirak etmisiniz, namizədlərdən birinin səlahiyyətli nümayəndəsi olmusunuz. Seçkinin nəticələri haqda nə deyə bilərsiniz?

-Bəli, mən seçki kampaniyası zamanı Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi olmuşam, Naxçıvanda imzatoplama prosesində iştirak etmişəm. Bu işin də necə getdiyini dəqiq bilirəm. Cəmil Həsənlinin imza toplama kampaniyası heç də digər namizədlərdən fərqli şəkildə keçirilməyib.Bildiyimə görə onun topladığı səslərin sayı 37000 olub. Əgər siz gedib bu imzalara diqqət etsəniz görərsiniz ki, onların əksəriyyəti vaxtı keçmiş şəxsiyyət vəsiqəsi ilə verilib.Köhnə siyahılardan da istifadə olunub. Namizədlərin çoxu da bu yolla imza toplamışdı. Diqqət etdinizsə, REAL-ın namizədi İlqar Məmmədov da bu daha çox olduğundan onu qeydə almadılar. Məncə, hakimiyyət bu işlərin üzərinə ciddi düşsəydi Cəmil Həsənlini də qeydiyyata almazdı. Ancaq onun çox asanlıqla qeydiyyata alınması məndə belə təəssürat yaradır ki, bu şəxsdə hakimiyyətin ortaya çıxardığı namizədlərdən biridir. Nəzərə alın ki, Cəmil Həsənli 10 il deputat olub. Milli Şurada cəmləşən müxalifət nümayəndələrinin dediklərinə əsaslansaq belə nəticəyə gəlmək olar ki, hakimiyyətin istəmədiyi adam deputat ola bilmir. AXCP Musavat cütlüyü bütün vasitələrdən istifadə edir ki,gündəmdə qalsınlar.İqtidardan qovulmuşlar,hətda özlərinin də vaxtı ilə qəbul etmədikləri insanları da yanlarına yığırlar,onları vaxtı ilə söyənlər,döyənlər,təhqir eliyənlərinən də bir araya gəlirlər.

- Siz müxalifətdə qalırsınız, yoxsa siyasi düşərgənizi dəyişirsiniz?

- Mən müxalif fikirdə qalıram. Siyasi fəaliyyətimi də davam etdirməkdə qərarlıyam. Ümid edirəm ki, seçkilərdən sonra meydana yeni qüvvələr çıxacaq və hər kəsin öz imkanlarını realizə etmək şansı olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti