Meksikalı deputatlar Ermənistan tərəfindən manipulyasiya olunub

  26 Dekabr 2017    Oxunub : 1789
Meksikalı deputatlar Ermənistan tərəfindən manipulyasiya olunub

Ermənistanın Meksikadakı səfiri Ara Ayvazyan meksikalı millət vəkillərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək, onları siyasi xal qazanmaq üçün öz məkrli oyunlarında istifadə etmək məqsədilə işğal olunmuş Azərbaycan ərazilərinə aparıblar.

Azərbaycanın Meksikadakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, bunu Azərbaycanın bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov Meksikanın ən oxunan qəzetlərindən olan “El Universal”da müsahibəsində deyib.

Müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə yolunun rəsmi Yerevanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək öz silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması olduğu bildirilir. Həmçinin, Dağlıq Qarabağ regionunun Azərbaycana məxsus olduğu və 1992-ci ildən Ermənistanın işğalı altında olduğu qeyd edilir.

Bildirilir ki, bu münaqişəyə Meksikada son zamanlar diqqəti üç yerli deputatın Azərbaycan Hökumətinin icazəsi olmadan işğal olunmuş ərazilərə səfəri və bununla bağlı Azərbaycanın bu ölkədəki səfirliyinin sərt reaksiyası barədə xəbərlər cəlb edib.

Qeyd olunur ki, Ermənistan tərəfi və bu ölkənin Meksikada səfiri A.Ayvazyan meksikalı millət vəkillərini münaqişəyə cəlb edib onları, siyasi xal qazanmaq üçün öz məkrli oyunlarında istifadə etmək məqsədilə işğal olunmuş ərazilərə aparıblar. Bildirilir ki, Meksika Xarici Əlaqələr Katibliyinin (XİN) həmin ərazilərə səfər etməməklə bağlı xəbərdarlıqları və bu ərazilərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğuna məhəl qoymadan həmin deputatları işğal olunmuş ərazilərə apararaq Ermənistan Hökuməti heç bir ölkə, o cümlədən rəsmi olaraq heç Ermənistan tərəfindən də tanınmamış qondarma separatçı rejimin guya Meksika tərəfindən dəstəklənməsi imicini yaratmaq məqsədini güdürdü.

Bildirilir ki, Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili məsələ ilə bağlı Hökumətinin etirazını bildirmək üçün Meksika XİN-i və Deputatlar Palatası ilə görüşlər keçirib və hər iki qurum Azərbaycanın ərazi bütövlüyü və münaqişə ilə bağlı BMT TŞ qətnamələrini dəstəklədiklərini vurğulayıb.



Azərbaycan nümayəndəsinin Ermənistanın Meksikada səfirinin son zamanlar daha bir presedentsiz və heç bir diplomatik etikaya uyğun olmayan oyuna əl atdığını dediyi qeyd olunur. Belə ki, səfir A.Ayvazyan Meksika vətəndaşlarını açıq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə dəvət etməsi (Ermənistan səfiri deputatların səfərini təqdir edərək Meksikanın digər vətəndaşlarını da belə addım atmağa çağırıb) onları öz ölkələri XİN-nin xəbərdarlıqlarına məhəl qoymamağa çağırmaq deməkdir.

Azərbaycan diplomatı deyib: “Düşünürəm ki, Ermənistan səfiri bu oyunlara son qoymalı və insan hüquqlarından danışaraq (bəyanatlarından birində o, Meksika deputatlarının azad səfər etmək hüququnun olduğunu deyib) işğal olunmuş ərazilərdən yüz minlərlə azərbaycanlının öz evlərindən qovulması, zorakılığa məruz qalması və öldürülməsi faktlarını izah etməlidir".

Həmçinin, müsahibədə erməni səfirinin “Dağlıq Qarabağda yeni erməni soyqırımı təhlükəsi” barədə sözləri ilə bağlı onların uydurma, cəfəng və absurd olduğu bildirilərək Azərbaycanın multikulturalizm və tolerantlığı ilə tanınmış bir ölkə olduğu vurğulanır, burada bütün din və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliklə üzləşmədən birgə yaşadıqları deyilir.

Bundan əlavə, 2017-ci ildə Azərbaycan ilə Meksika arasında diplomatik əlaqələrinin 25-ci ildönümünün qeyd olunduğu, iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsi üçün böyük imkanların olduğu bildirilir.

Qeyd edək ki, meksikalı deputatlar Blanka Marqarita Kuata Dominges, Maria Kristina Teresa Garsia Bravo və Karlos Ernandes Miro işğal olunmuş Azərbaycan ərazisi Xankəndinə qeyri-qanuni səfər edib, separatçı rejimin “parlament sədri" Aşot Qulyanla görüşüblər.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Meksika   Azərbaycan   Təxribat