“Koroğlu”dakı tıxacla bağlı təkliflər hazırlanıb
Şəhərin küçə və prospektlərində nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri ərazidə təhlillər aparıb. Müəyyən edilib ki, “Koroğlu” metrostansiyası (pramida formalı çıxışı) yaxınlığında avtobus dayanacaq məntəqəsinin mövcudluğu, orada şəxsi və taksi minik avtomobillərinin dayanaraq sərnişin mindirib-düşürməsi Heydər Əliyev prospektində, Mikayıl Əliyev küçəsində və Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranmasına səbəb olur.
Həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması üçün mövcud avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi və yol kənarına məhəccərlərin çəkilməsi məqsədəmüvafiq hesab edilir. Belə ki, qeyd edilən təklif reallaşacağı təqdirdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərkət edən avtobuslar metronun pramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşutlarının xidmətlərindən yararlana bilərlər.
Mütəxəssislərimizin hazırladığı təklif təsdiq edilməsi üçün Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim edilib.
Məlumat üçün onu da qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə “Atletlər kəndi” yaxınlığında yaradılan Nəqliyyat Mübadilə Mərkəzi “Koroğlu” metrostansiyasının həmin hissədəki çıxışının qarşısında səhər saatlarında müşahidə edilən tıxacın xaotik hərəkətin aradan qalxmasına səbəb olub.
AzVision.az
Teqlər: Tıxac