“Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə yaxındır”

“Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə yaxındır”
  26 Sentyabr 2013    Oxunub:1099
“Məhz bu səbəbdən təhsil sistemi üzərinə böyük məsuliyyət düşür”.
AzVision.az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, Azərbaycanda qadınların təhsil alması məsələsində heç bir məhdudiyyət və yaxud ayrı-seçkilik mövcud deyil.

O bildirib ki, Azərbaycanın təhsil sahəsində inkişaf strategiyası tarixi və kontekstual mühitə uyğun biçilir: “Son illərdə Azərbaycanda təhsil sahəsinə ayrılan vəsaitlərin həcmi artırılır. Bu vəsaitlər həm maddi-texniki bazanın gücləndirilməsinə, həm də təhsil sahəsində çalışan insanların gəlir səviyyəsinin artırılmasına yönəlib. Bu məqsədlə atılan addımlardan biri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə Dövlət Proqramı”nın yaradılmasıdır. Bu proqram çərçivəsində istedadlı Azərbaycan gəncləri dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil alaraq ölkəmizin davamlı inkişafına öz töhfələrini verirlər. Təhsil dövlətçiliyin, milli iqtisadiyyat və təhlükəsizliyin təminatında oynadığı rol inkar edilməzdir. Məhz bu səbəbdən təhsil sistemi üzərinə böyük məsuliyyət düşür. Təhsil sistemi bacardığı səviyyədə mütəxəssisləri deyil, tələb olunan səviyyədə mütəxəssislər hazırlamalıdır. Tədris proqramlarının hazırlanmasında tədrisin nəticələri əsas meyar kimi götürülməlidir. Əvvəllər pulsuz və hərtərəfli təhsil sisteminə malik Sovet İttifaqının bir hissəsi olmuş Azərbaycan qarşısında duran təhsil problemləri “üçüncü dünya”nın inkişaf edən ölkələri qarşısında dayanan təhsil problemlərindən bir qədər fərqlənir”.

Sevinc İltifatqızı



Teqlər:





Xəbər lenti