Qərargah: Qar alpinistlərin axtarışını çətinləşdirir

Qərargah: Qar alpinistlərin axtarışını çətinləşdirir
  05 Yanvar 2018    Oxunub:2143
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahı yeni məlumat yayıb.

AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 4-də davam edib.
Əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edib.

Axtarışlara xüsusi təlim keçmiş itlər cəlb olunub. Axtarış-xilasetmə işləri yüksək dağ massivində çətin meteoroloji şəraitdə aparılır. Son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Hazırda burada qar örtüyünün qalınlığı 1-1,5 metr təşkil edir. Qar uçqunlarının olduğu yerlərdə isə qar qatının qalınlığı 8-12 metrə qədərdir.

Qeyd olunanları nəzərə alaraq, hadisə rayonuna ağır texnikanın və digər texnikaların cəlb edilməsi daha təhlükəli vəziyyət yarada bilər. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib.

Fövqəladə Hallar Nazirliyi bəyan edib ki, axtarış-xilasetmə əməliyyatının gedişatını, xüsusilə də mürəkkəb şəraitdə axtarış-xilasetmə tədbirlərini həyata keçirən müvafiq dövlət qurumlarının əməkdaşlarının və könüllülərin fədakar fəaliyyətini işıqlandırmaq əvəzinə, bəzi kütləvi informasiya vasitələri və sosial media istifadəçiləri həqiqəti əks etdirməyən məlumatlar yaymaqda davam edirlər.

Nazirlik kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə bir daha müraciət edir və yaranmış həssas vəziyyətə anlayışla yanaşmağa çağırır.

Qeyd edək ki, axtarış işləri barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalında (fhn.gov.az) mütəmadi dərc olunur.

AzVision.az


Teqlər: FHN   Alpinist  





Xəbər lenti