42 minə yaxın müəllimin maaşı 2 dəfə artıb

42 minə yaxın müəllimin maaşı 2 dəfə artıb
  05 Yanvar 2018    Oxunub:2196
2018-ci il yanvarın 1-dən ötən ilin may-aprel aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqı artırılıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Prezidentin Sərəncamına uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur. Bu qərara əsasən 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanından uğurla keçib təyin olunan 6 minə yaxın müəllimin də əmək haqqı artırılıb.

Prezidentin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.

Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140.000-dək müəllim, o cümlədən ümumi saydan 41 360 nəfəri 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçib. Beləliklə də ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Müəllim   Təhsil-Nazirliyi   Maaş  





Xəbər lenti