“Lotu Quli” Lənkəranskinin biznesini ələ keçirir - Kriminal savaş başladı

  06 Yanvar 2018    Oxunub : 12041
“Lotu Quli” Lənkəranskinin biznesini ələ keçirir - Kriminal savaş başladı
Ötən ilin oktyabrın sonunda vaxtından əvvəl azadlığa buraxılan azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifov hazırda Türkiyədə güclü klan yaratmaqla məşğuldur.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Lotu Quli” Rusiyanın paytaxtı Moskvada Azərbaycan diasporunun nümayəndələrinin biznes fəaliyyətini öz nəzarəti altına salmaq istəyir.

Onun bütün işlərini isə Rusiyaya göndərdiyi qardaşı Namiq Səlifov (Namiq Bakinski) idarə edir. Çünki “Lotu Quli” Rusiyaya gedə bilmir. Rusiyanın İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi “qanuni oğru” Nadir Səlifov barəsində axtarış elan edib.



“Lotu Quli” oğurluq əməllərində və hədələmək yolu ilə pul almaqda ittiham edilir. İstintaqın versiyasına görə, Nadir Səlifov Moskvada insan oğurluğu və bunun müvaqilində pul almaq barədə göstəriş verib. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılıb və qiyabi təqdim edilib. Həmçinin “Lotu Quli”nin barəsində beynəlxalq axtarışa elan edilib.



Qeyd olunub ki, ümumiyyətlə qardaşların təsir dairəsinin genişlənməsi uğurla davam edir. Lakin bir obyekt var ki, onlar üçün əlçatmaz görünür. Kalujskom şossedə yerləşən “Fud Siti” adlanan böyük bazar Türkiyədə qətlə yetirilən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qohumlarının nəzarətindədir. Daha dəqiq desək, hazırda bazarı Zaur Əhmədov və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs idarə edir.



Lənkəranskinin Türkiyədə öldürülməsindən sonra onun “imperiya”sı faktiki olaraq bacısının əri və yaxın qohumu Zaur Əhmədovun nəzarətindədir. Zaur Əhmədov həm də “Lotu Quli”nin adamlarına qarşı edilən sui-qəsdlərin əsas təşkilatçısı sayılır.

Qeyd edək ki, Zaur “Lotu Quli”nin ən yaxın adamlarından biri hesab olunan Elşən Məmmədovu qətlin sifarşçisi olub. E. Məmmədov ötən ilin sentyabrın 12-də Tiflisin mərkəzində “Toyota Land Cruiser” markalı avtomobildə güllələnib.



Bundan əlavə Quli bir nömrəli "qanuni oğru" adını bütün Rusiya ərazisində sübuta yetirmək niyyətindədir. Bu adı daha əvvəl “Şakro Molodoy” daşıyırdı. O, hazırda həbsdə olduğuna görə Vasili Xristoforovu ("Vasya Voskres”) öz varisi elan edib, hamını onun ətrafında birləşməyə çağırıb. Əksər slavyan mənşəli oğrular da “Voskres”in liderliyini qəbul ediblər. Odur ki, Qulini hazırda iki cəbhədə savaş gözləyir.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Nadir-Səlifov   Rövşən-Lənkəranski