Ermənistanda jurnalistlər döyülür, təhqir olunur

  06 Yanvar 2018    Oxunub : 2044
Ermənistanda jurnalistlər döyülür, təhqir olunur

Ermənistanda jurnalistlərə qarşı zorakılıq faktları getdikcə artır. Statistik məlumatlar göstərir ki, jurnalistlərə qarşı zorakılıq halları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən lazımi cəzalar tətbiq edilmir.

Ermənistanda ötən il aprelin 2-də parlament seçkiləri zamanı jurnalistlərə qarşı 2 fiziki zorakılıq və 9 təzyiqetmə faktı qeydə alınıb.

Mayın 14-də isə İrəvanda mer seçkiləri zamanı jurnalistlərə qarşı 3 zorakılıq halı, ümumilikdə isə 7 fakt baş verib.

Ümumilikdə isə Ermənistanda 21 zorakılıq faktından yalnız 6-sı ilə bağlı cinayət işi açılıb. 4 fakt üzrə cinayət işinə xitam verilib.

Ötən il işğalçı ölkədə jurnalistlərin peşə vəzifəsinin yerinə yetirilməsinə maneçilik törətməklə müşayiət olunan 25 fakt qeydə alınıb, 11 iş məhkəməyə göndərilib. Məlum hadisələrdə 19 nəfərin adı hallanıb.

“Söz azadlığının müdafiəsi komitəsinin” sədri Aşot Məlikyan bildirib ki, məhkəmə işləri imitasiya xarakteri daşıyır.

Media eksperti Lilit Hovhanisyanın sözlərinə görə, jurnalistin peşə vəzifəsini yerinə yetirən zaman maneçilik törədilirsə, bir qayda olaraq ya cinayət işi qaldırılmır, iş açılsa belə cinayət tərkibi olmadığına görə xitam verilir.

Qeyd edilib ki, Saritağ adlanan məhəllədə baş verən hadisələrdə 19 jurnalist zorakılığa məruz qalıb. Onlardan yalnız “Armeniya” televiziyasının kamerasını sındıran və operatora hücum edənlərdən 4 nəfər 1 il müddətinə həbs edilib.

Polis alayında baş verən üsyan zamanı kamerası sındırılan və döyülən operatorun işlədiyi “Armeniya” televiziyası Sarkisyanın yeznəsi və Vatikandakı Ermənistanın səfiri olan Mikayel Minasyana məxsus “Panarmenian” media holdinq qrupuna daxildir. Bu fakt üzrə günahkar şəxslər çox qısa zamanda aşkar edilib və cəzalandırılıb.

29 iyul 2016-cı ildə baş vermiş polis alayındakı hadisələr zamanı xəsarət alan və zorakılığa məruz qalan digər jurnlistlərin hüquqları qorunmayıb. Keçən il yarım ərzində cəmi 4 hökm çıxarılıb, günahkar şəxslər 50-200 dram cərimələnib. “1in.am” saytının operatorunu döyən şəxs isə 1 il şərti cəzaya məhkum edilib.

“Söz azadlığı” komitəsinin məlumatına görə, iyul hadisələrində 27 jurnalist və operator polis zorakılığına məruz qalıb. İyul ayında Saritağ məhəlləsində polis alayında baş verən hadisələr zamanı polisin tətbiq etdiyi xüsusi vasitələrdən yanıq xəsarətləri alan jurnalist Robert Ananyan bildirib ki, bu hadisə ilə əlaqədar yalnız cinayət işi qaldırılıb.

Polislərin hansı maşından düşdüyü və necə onlara hücum etdiyi kameralara düşüb. Ancaq cinayət işi qaldırılmayıb və ehtimal ki, heç qaldırılmayacaq.

“Ən yaxşı halda yuxumuzda belə hansısa cinayətkar polisin cəzalandırldığını görməyəcəyik. Saritağ məhəlləsində və 2015-ci ildə prezident iqamətgahı qarşısında zorakılıqlara rəhbərlik edən Levon Yeranosyan Ermənistanın polis rəisinin müavini vəzifəsindədir. Keçən ilin sonunda isə birbaşa prezidentdən vətənə xidmətlərinə görə medal alıb”.

Məlumata görə, Ermənistanda ötən il 27 jurnalist vəzifə borcunu yerinə yetirərkən zorakılığa məruz qalıb. Bunlardan 21 nəfər zərərçəkən şəxs kimi tanınıb. 4 nəfər barədə cinayət işi məhkəməyə göndərilib.

Ekspert Məlikyanın sözlərinə görə, polislərin vəzifə səlahiyyətlərini aşması, xüsusi vasitələrlə jurnalistlərə qarşı zor tətbiq etdiklərini göstərən çoxsaylı videogörüntülər mövcuddur. Bütün bunlara baxmayaraq, cəza tədbirləri görülmür.

Alpər Mövludoğlu
AzVision.az

Teqlər: Ermənistan