`Cəmil Həsənli ortaya elə sənədlər qoymalıdır ki...`

`Cəmil Həsənli ortaya elə sənədlər qoymalıdır ki...`
  26 Sentyabr 2013    Oxunub:795
“Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün hər cür şərait var. Eyni zamanda hüquqi mühit mövcuddur”.
Bunu Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z. Əsgərov qeyd edib ki, İctimai Televiziyada debatlarda çıxış edən namizədlər öz platformalarını ortaya qoymaq əvəzinə, lazımsız qalmaqallar yaradırlar: “Biz onlardan platforma, proqram çıxışı gözləyirik. Gözləyirik ki, mövcud iqtidarın proqramından fərqli daha nə təklif edirlər. Çox təəssüf ki, biz gözlədiklərimizi görmürük, ancaq qalmaqal, heç bir əsası olmayan iftira, şər-böhtan görürük. Düzdür, dünya praktikasında belə şeylər olur, amma bu, arzu olunan deyil”.

Z. Əsgərov deyib ki, Azərbaycanda bütün dövlət orqanları - İcra hakimiyyətləri, Mərkəzi Seçki Komissiyası, polis və digərləri öz vəzifələrini bilirlər və bu istiqamətdə normal fəaliyyət göstərir.

Z. Əsgərov Milli Şuranın namizədi Cəmil Həsənlinin ölkədən qeyri-qanuni olaraq 48 milyard dolların çıxarılması barədə ittihamına da cavab verib: “Bu qədər pulun adını çəkən adam ortaya elə sənədlər qoymalıdır ki, bunu sübut eləməlidir. Onun təqdim etdikləri isə sənəd deyil, hansısa ölkənin qəzetlərində dərc olunmuş əsassız materiallardır. Xarici ölkənin qəzetlərində dərc olunanlar isə əksər hallarda erməni lobbisinin qurduğu oyunların nəticəsidir. Bundan başqa, Azərbaycana qərəzlə yanaşan təşkilatların çıxışları, bəyanatları hələ sübut deyil. Bu, tamamilə başqa şeydir. Mən istəyərdim ki, bu ittihamı irəli sürən namizəd qərargahındakı hüquqşünaslara müraciət etsin, öyrənsin ki, fakt, sübut nə olan şeydir. Bu faktlar, sübutlar Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun gəlirsə, o vaxt bu barədə söhbət aparmaq olar”.

Z. Əsgərov bildirib ki, C. Həsənlinin sənəd kimi təqdim etdiyi materialların heç bir əsası yoxdur, mənasız kağız parçalarıdır.(Apa)



Teqlər:





Xəbər lenti