Kanadalı deputat Azərbaycanın “qara siyahı”sından danışdı

Kanadalı deputat Azərbaycanın “qara siyahı”sından danışdı
  26 Sentyabr 2013    Oxunub:1169
“Belə bir siyahının mövcud olduğunu bilmirdim”.
Kanada Parlamentinin üzvü Stefan Dion bir neçə gün öncə işğal altında olan Azərbaycan torpaqlarına səfər edib. Dağlıq Qarabağdakı separatçı rejimin “parlament sədri” Aşot Qulyanla görüşən kanadalı parlamentari bir sıra məsələlər haqqında fikir mübadiləsi aparıb.

Lakin, onun bu səfəri Azərbaycanda birmənalı qarşılanmadı. AzVision.az xəbər verir ki, bununla bağlı kanadalı deputat bu gün mətbuat konfransı təşkil edib. Jurnalistlərə açıqlama verən əcnəbi deputat bildirib ki, Qarabağ münaqişəsinin həllində Minsk qrupunun səylərini dəstəkləyir və bu danışıqların dayandırılmasını istəmir.

Eyni zamanda Qarabağa səfərindən danışan S.Dion qeyd edib ki, bu səfər onun öz təşəbbüsü ilə həyata keçib.

Kanadalı deputat Azərbaycanın “qara siyahı”sına da toxunub. “Mən Azərbaycan və Ermənistan arasında gərginliyin olmasından xəbərdaram. Lakin, belə bir siyahının mövcud olduğunu bilmirdim. Məncə bu məntiqsizdir. İnsanlar arasında ayrı-seçkilik salmaq doğru deyil”.

S.Dion onu da əlavə edib ki, onun bu səfəri Azərbaycan və Kanada arasında gərginlik yaratmaq məqsədi daşımır.
Qeyd edək ki, Azərbaycan XİN bir müddət öncə ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiklərinə görə “persona non qrata” elan edilmiş şəxslərin siyahısını da açıqlayıb.

Siyahıda ümumilikdə müxtəlif ölkələrdən olan 335 nəfərin adı yer alıb. Azərbaycana gəlişi yasaqlanan bu şəxslər arasında müxtəlif ölkələrdən olan deputat, şair, yazıçı, heykəltəraş və musuqçilər də var.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti