Martirosyan: "Ermənistanı çox ağır vəziyyət gözləyir"

Martirosyan: "Ermənistanı çox ağır vəziyyət gözləyir"
  08 Yanvar 2018    Oxunub:2327
2017-ci il Ermənistanda uzun müddətdir hökm sürən iqtisadi böhranın daha da dərinləşməsi ilə yadda qalıb. İşğalçı ölkədə xüsusən də sənaye və kənd təsərrüfatı sahələri çöküb.
Ermənistanın Statistika Xidmətinin məlumatına görə, iqtisadi geriləmə biznes mühitini də çökdürüb. Əhalinin 90 faizinin istehlak həcmi əhəmiyyətli dərəcədə azalıb. Hər 10 nəfərdən doqquzu pis yaşamağa başlayıb.

Ermənistanı 2018-ci ildə də çox ağır vəziyyət gözləyir. Bunun gətirdiyi iqtisadi problemlər isə etirazlarla nəticələnəcək. Bu proqnozla “İrs” partiyasının sədr müavini Armen Martirosyan çıxış edib. O, yerli televiziyaya müsahibəsində deyib ki, 2018-ci ildə Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi qaçılmazdır. Bunun qarşısını almaq üçün hökumətin strateji planı yoxdur. Partiyasının sədr müavini bu il də Ermənistan iqtisadiyyatının inkişafının 0-a enəcəyini bildirib. O qeyd edib ki, hazırkı rejimin hakimiyyətdə olduğu dövr ölkəni ancaq məhvə aparıb. Son 10 ildə 300 mindən çox vətəndaş və ya əhalinin 10 faizi ölkəni birdəfəlik tərk edib. Yoxsulluq həddində yaşayan vətəndaşların sayı isə 30 faizədək yüksəlib. Xarici borc 4 dəfə artaraq ümumi daxili məhsulun 60 faizi səviyyəsinə - ən təhlükəli həddə çatıb.

A.Martirosyan diqqəti ölkədəki siyasi vəziyyətə də yönəldib. O bildirib ki, hökumət ona qarşı çıxan fəalları “Sasna Srer” hərəkatı adı altında həbs edib. Ona görə də “İrs” partiyası meydanda tək qalıb. Lakin buna baxmayaraq, fəal mitinqləri bərpa etmək iqtidarındadırlar. A.Martirosyan bütün təzyiqlərə baxmayaraq, mart-apreldən etibarən yenidən ümumxalq itaətsizliyi aksiyalarına başlayacaqlarını bəyan edib.


Teqlər: Ermənistan  





Xəbər lenti