Doğuş vaxtı ana ölüb

Doğuş vaxtı ana ölüb
  27 Sentyabr 2013    Oxunub:1156
14 il sonra növbəti dəfə ana olmaq istəyən Ağcabədi rayon sakini doğuş zamanı dünyasını dəyişib. Hadisənin baş verməsi ilə bağlı müxtəlif versiyalar səslənir. Artıq Ağcabədi rayon Prokurorluğu məsələni öz araşdırmasına götürüb.

Doğum sancılarıyla xəstəxanaya gətirilən 38 yaşlı Səriyyə Quliyeva səhər saatlarında rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə daxil olub. Müayinədən sonra 2 övlad anası Səriyyə Quliyeva 14 illik fasilədən sonra hamilə qalması nəzərə alınaraq, qeysəriyyə əməliyyatı olunması barədə göstəriş verilib.

Həkim Rüstəm Qasımov: “Xəstə əməliyyat olunub, əməliyyat dövrü normal keçib. Lakin əməliyyatın sonunda xəstənin təzyiqi düşüb. Xəstə ayılma dövründə ayılandan sonra təzyiqi düşüb, görülən tədbirlərə baxmayaraq vəfat edib. Ölümün səbəbi biz ilkin olaraq trombembaliyadan şübhələnirik”.

Səriyyə Quliyevanın dünyaya gətirdiyi oğlan uşağının səhhətində hər hansı problem yoxdur. Ağcabədi rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, Səriyyə Quliyeva mütəmadi olaraq rayon doğum evində müayinə edilib. O, çəkisinin çoxluğundan, hamiləliyinin son günlərində isə yüksək qan təzyiqindən şikayət edib. Xəstəxanadan verilən məlumata görə, ölümün baş verməsində həkim səhlənkarlığından söhbət gedə bilməz.

Əslən İmişli rayonundan olan Səriyyə Quliyeva doğulduğu Sarvanlar kəndində dəfn edilib. Ailə üzvləri də hələlik həkimlərdən narazı deyil. Həyat yoldaşı Xosrov Hümbətov araşdırmanın nəticəsini gözləyir. Faktla bağlı isə Ağcabədi rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün əsl səbəbi də məhkəmə tibbi ekspertizasının rəyinə əsasən araşdırmanın sonunda məlum olacaq.(anspress)


Teqlər:  





Xəbər lenti