Hərbi qulluqçuların sığortası haqqında qanun dəyişəcək
Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov bildirib ki, qanun layihəsində dəyişiklik edilməsi ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında parlamentə daxil olub və dövlətin hərbçilərə böyük qayğısının daha bir göstəricidir.
İclasda qeyd olunub ki, 1997-ci ildə qəbul olunmuş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun müasir dövrün tələblərinə cavab vermir. Bu gün sığorta bazarındakı dinamik inkişaf hərbi qulluqçuların sosial vəziyyətlərinin yaxşılaşdırılması məsələsini daha da aktuallaşdırır. Qanuna ediləcək dəyişikliyin xarakterik cəhəti ondan ibarətdir ki, dövlətimiz hərbi qulluqçuların xidmətdə olduğu və xidmətdən sonrakı dövrlərdə maddi və sosial vəziyyətlərini diqqət mərkəzində saxlayır. Dəyişikliklərə əsasən hərbi xidmətini başa burmuş hərbçinin və onun ailə üzvlərinin sosial müdafiəsi tam təmin ediləcək. Qanuna təklif edilən əlavəyə görə, hərbçilər itkin düşdükdə və məhkəmə qərarı ilə ölmüş elan edildikdə də ailə üzvləri sığorta məbləğinin 100 faizi həcmində sığorta ödənişi ala biləcəklər.
Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olunub.