“Qarabağla “dostlaşan” Fransa əyalətləri öz qanunlarını pozurlar” – Hikmət Hacıyev

  11 Yanvar 2018    Oxunub : 1926
“Qarabağla “dostlaşan” Fransa əyalətləri öz qanunlarını pozurlar” – Hikmət Hacıyev
Bugünlərdə Fransanın müxtəlif şəhərlərində “Qarabağ günləri”nin keçirilməsi (əslində isə dilənçilik etməklə ianə toplamaq), Ermənistanın işğal altında saxladığı Azərbaycan rayonları ilə Fransanın müxtəlif prefekturaları arasında dostluq əlaqələrinin qurulduğuna dair məlumatlar erməni mediasının manşetlərindən düşmür. Bəs bu, nə dərəcədə qanunidir?
Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a bildirib ki, 2 iyul 2015-ci ildə Fransa hökuməti tərəfindən xarici işlər və daxili işlər nazirlikləri səviyyəsində yerli prefekturalar və ali komissarlara sirkulyar təlimat göndərilib. Həmin təlimatda yerli özünü idarəetmə qurumlarının beynəlxalq əməkdaşlıq sahəsində səlahiyyət məhdudiyyətlərinə dair xəbərdarlıq edilir və mərkəzi hakimiyyətin siyasətinə, Fransanın beynəlxalq öhdəliklərinə zidd olaraq, yerli orqanların Fransa hökumətinin tanımadığı qeyri-qanuni rejimlər, o cümlədən qondarma Dağlıq Qarabağla beynəlxalq əməkdaşlığa dair sənədlər imzalamasına qadağa qoyulur.

- Fransanın hansısa qəsəbə və ya şəhərciyinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə əlaqə qurması özü-özünü aldatmaqdan başqa bir şey deyil,- deyə Hikmət Hacıyev bildirib.- Təcrübə göstərir ki, bu kimi qəsəbə və şəhərciklərin rəhbərləri ərazidə yaşayan erməni icmasının yerli seçkilərdə dəstəyini qazanmaq üçün belə özfəaliyyətlə məşğul olurlar. Hətta bu məqsədlə mənəvi-etik çərçivələri aşaraq, qondarma rejimin işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsi olmasına belə göz yummağa çalışırlar.

Hacıyev əlavə edib ki, erməni lobbi təşkilatları regionda davamlı sülhün əldə edilməsinə və münaqişənin Fransanın da həmsədr olduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar yolu həllinə töhfə vermək əvəzinə, bu yolla erməni diaspor nümayəndələrini aldatmaq və onların vəsaitlərini mənimsəməklə məşğuldurlar.

“Hesab edirik ki, Fransa tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin Şengen viza qaydalarını pozaraq, Ermənistanın diplomatik pasportları ilə Fransa ərazisinə daxil olmasının qarşısını almaq üçün zəruri tədbirlər görməlidir”,- deyə Hacıyev vurğulayıb.

Günel İbrahimova
AzVision.az

Teqlər: #Fransa   #Qarabağ   #Ermənistan