“Qarabağla “dostlaşan” Fransa əyalətləri öz qanunlarını pozurlar” – Hikmət Hacıyev
- Fransanın hansısa qəsəbə və ya şəhərciyinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə əlaqə qurması özü-özünü aldatmaqdan başqa bir şey deyil,- deyə Hikmət Hacıyev bildirib.- Təcrübə göstərir ki, bu kimi qəsəbə və şəhərciklərin rəhbərləri ərazidə yaşayan erməni icmasının yerli seçkilərdə dəstəyini qazanmaq üçün belə özfəaliyyətlə məşğul olurlar. Hətta bu məqsədlə mənəvi-etik çərçivələri aşaraq, qondarma rejimin işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsi olmasına belə göz yummağa çalışırlar.
Hacıyev əlavə edib ki, erməni lobbi təşkilatları regionda davamlı sülhün əldə edilməsinə və münaqişənin Fransanın da həmsədr olduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar yolu həllinə töhfə vermək əvəzinə, bu yolla erməni diaspor nümayəndələrini aldatmaq və onların vəsaitlərini mənimsəməklə məşğuldurlar.
“Hesab edirik ki, Fransa tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin Şengen viza qaydalarını pozaraq, Ermənistanın diplomatik pasportları ilə Fransa ərazisinə daxil olmasının qarşısını almaq üçün zəruri tədbirlər görməlidir”,- deyə Hacıyev vurğulayıb.
Günel İbrahimova
AzVision.az
Teqlər: #Fransa #Qarabağ #Ermənistan