`Hamınızı 2017-ci ildə Azərbaycanda gözləyirəm`

`Hamınızı 2017-ci ildə Azərbaycanda gözləyirəm`
  27 Sentyabr 2013    Oxunub:1001
Sentyabrın 25-də İndoneziyanın Palembanq şəhərində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tərəfindən ölkəmizin paytaxtında keçiriləcək İslamiadaya həsr olunan “Azərbaycan günü” təşkil edilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti səsləndirilib.

Videomüraciətdə deyilir:

- Zati-aliləri, Milli Olimpiya komitələrinin üzvləri, əziz dostlar.
Mən sizi növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Azərbaycanın paytaxtı Bakıdan salamlayıram. Fürsətdən istifadə edərək mən bizim namizədliyimizi dəstəkləyən və Azərbaycana etimad göstərənlərə minnətdarlığımı bildirmək istərdim. Biz idmançıların və turistlərin ölkəmizdə özlərini evlərindəki kimi hiss etmələri üçün bu oyunların tarixində ən yaxşılarından birini təşkil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Azərbaycan İslam Həmrəyliyi Oyunlarına güclü dəstək verən ölkədir. Ümumilikdə, biz müsəlman dünyasında əməkdaşlıq, tərəfdaşlıq və həmrəyliyin gücləndirilməsi kimi müsbət meylləri tam şəkildə dəstəkləyirik. Biz fəxr edirik ki, Bakı 2009-cu il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilmiş və Azərbaycanın digər qədim şəhəri olan Naxçıvan isə 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” olacaq.

Azərbaycan sürətlə inkişaf edən ölkədir. Azərbaycanın iqtisadiyyatı son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olub. Əminəm ki, bu fakt da Bakının İslam Həmrəyliyi Oyunlarına ev sahibi seçilməsində öz rolunu oynayıb.
Son 10 il ərzində iqtisadiyyatımız 3 dəfədən çox artıb və biz infrastruktura, o cümlədən idman infrastrukturuna böyük sərmayələr yatırmışıq. Beləliklə, biz Oyunlara yaxşı hazırlaşmaq və qonaqlarımızı ən yaxşı şərait və xidmətlərlə təmin etmək üçün əlimizdən gələni edəcəyik. Bizim artıq mühüm beynəlxalq tədbirlərin, o cümlədən dünya və Avropa çempionatlarının keçirilməsində təcrübəmiz vardır. Eyni zamanda, Bakı 2015-ci ildə keçiriləcək Avropa Oyunlarının ilk paytaxtı seçilib. Daha sonra isə 2017-ci ildə biz İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik.

Azərbaycan böyük tarixə, ənənələrə və mədəniyyətə malik bir ölkədir, sivilizasiyaların kəsişməsində yerləşir. Əsrlər boyu müxtəlif etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayıblar.Biz fəxr edirik ki, Azərbaycan dünyanın multikulturalizm və sivilizasiyalararası dialoq paytaxtlarından biridir. Biz tarixi və dini abidələrimizi qoruyur, təmir və bərpa edirik. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi tamamilə bərpa və təmir edilərək bu il istifadəyə verilib. Bu məscid 743-cü ildə tikilib. Biz ölkəmizi təqdim etmək üçün səylərimizi əsirgəməyəcəyik. Əminəm ki, idmançılarla yanaşı, çoxlu sayda turistlər və bir çox başqa insanlar - qardaşlarımız Azərbaycan haqqında daha çox öyrənəcəklər.
Əminəm ki, bu Oyunlar xalqlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsində çox əhəmiyyətli addım olacaq. Əminəm ki, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları birlik, qardaşlıq və dostluq Oyunları olacaqdır. Mən sizin hamınızı 2017-ci ildə Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirəm. Bakıda görüşənədək.

AzVision.az



Teqlər:  





Xəbər lenti