Əməkdaşlıq müzakirə edildi

Əməkdaşlıq müzakirə edildi
  27 Sentyabr 2013    Oxunub:1293
Azərbaycan və Britaniya arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbi, Lord Leksden, Lord St. Con və onları müşayiət edən şəxslərlə görüş keçirib.

AzVision.az Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, R.Abdullayev Böyük Britaniya və Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb, bu inkişafda enerji sahəsində əməkdaşlığın rolunu vurğulayıb. ARDNŞ-nin prezidenti ötən ilin noyabr ayında Britaniyada, Lordlar Palatasında təqdimat zamanı çıxışını xatırladaraq, qarşılıqlı səfərlərin, görüş və fikir mübadilələrinin ölkələr arasında əlaqələrin daha da genişlənməsində mühüm rol oynadığını qeyd edib.

Azərbaycanın əldə etdiyi sürətli iqtisadi inkişafdan məmnunluğunu bildirən Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Lord Risbi əmin olduğunu bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər bundan sonra daha dinamik templərlə inkişaf etdiriləcək.

R.Abdullayev qədim neft diyarı olan Azərbaycanın sosial-iqtisadi inkişafında qazanılmış uğurlardan danışıb, bu uğurlarda neft-qaz sektorunun rolunu qeyd edib, xüsusilə respublikanın qaz ixrac edən ölkələr arasında özünə layiqli yer tutması, Şirkətin ölkədə və xaricdə həyata keçirdiyi qlobal layihələr barədə ətraflı söz açıb. Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz mənbəyi kimi verdiyi töhfələrdən söz açan ARDNŞ-nin prezidenti artıq "Şahdəniz-2" layihəsi üzrə çıxarılacaq qaz həcmlərinin nəql marşrutunun seçildiyini, Avropa alıcıları ilə müqavilələrin imzalandığını diqqətə çatdırıb. Daha sonra Dövlət Neft Şirkəti ilə "bp" arasında uzunmüddətli uğurlu əməkdaşlığa toxunan R.Abdullayev bu əməkdaşlığın mühüm önəm kəsb etdiyini bildirib, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən neft-qaz sahəsində inkişaf etdiyini söyləyib.

Sonda ARDNŞ-nin prezidenti R.Abdullayev nümayəndə heyətinin üzvlərini maraqlandıran sualları ətraflı cavablandırıb.


Teqlər:





Xəbər lenti