Məşhur serialdakı casusun gerçək tarixçəsi

Məşhur serialdakı casusun gerçək tarixçəsi
  15 Yanvar 2018    Oxunub:11545
1984-cü ildə Yuri Andropovun göstərişinə əsasən, Sovet kinomatoqrafçıları tərəfindən çəkilmiş on seriyadan ibarət “ТАСС уполномочен заявить” (“SİTA bəyan etməklə səlahiyyətləndirilmişdir”) sənədli filmi ekranlara çıxır. Filmdə sovet vətəndaşı və ikili agent, SSRİ Xarici İşlər Nazirliyinin ikinci katibi Aleksandr Oqorodnikin casusluq fəaliyyətindən bəhs edilirdi.
Kolumbiyanın paytaxtı Boqotoda SSRİ səfirliyinin ikinci katibi olan Aleksandr Oqorodnik nümunəvi diplomat kimi səciyyələndirilsə də, onun üç əsas “Axill dabanı” var idi: qadınlara qarşı həddindən artıq maraq, şübhəli maliyyə əməliyyatlari və reallaşmamış ambisiyalar.

ABŞ tərəfi A.Oqorodnikin bu və digər zəif yerləri barədə geniş məlumata malik idilər. Amerikalılar Kolumbiya Mədəniyyət İnstitutunun əməkdaşı və MKİ-nin agenti Pilar Suares Barkalla obyektin birlikdə çəkilmiş nüfuzdansalıcı fotoşəkilləri vasitəsilə onu şantaj etməyə başlamış və konfidensial əməkdaşlığa cəlb etmişdilər.



SSRİ-yə qayıtdıqdan sonra Xarici İşlər Nazirliyinin Xarici Siyasət Tədbirlərinin Planlaşdırılması İdarəsində fəaliyyətini davam etdirən agent burada MKİ-nin xeyrinə casusluq fəaliyyətini davam etdirmişdi. Həmin idarədə səfirlərin illik hesabatları, SSRİ Xarici İşlər Nazirliyi idarələri və şöbələrinin yekun və analitik materialları - ABŞ kəşfiyyat orqanları üçün maraq doğuran hər şey toplanırdı.

DTK-da Kolumbiyadakı Sovet səfirliyinin əməkdaşlarından birinin ABŞ kəşfiyyatı tərəfindən konfidensial əməkdaşlığa cəlb edilməsi barədə məlumat var idi. Qərb analitiklərinin fikrincə, A.Oqorodniki Çexoslovakiya kəşfiyyatının “qeyri-leqalı” Karl Kexer ifşa etmişdi. O, 1965-ci ildə arvadı və yaxın silahdaşı Xana ilə ABŞ-a qaçmış və 1973-cü ildə MKİ-nin Sovet şöbəsində tərcüməçi işinə qəbul edilmişdi.

Ər-arvad 1984-cü ildə həbs edilmiş və Sovet dissidenti Anatoli Şaranski ilə dəyişdirilmişdi. A.Oqorodnik əsas səhvi Moskvada buraxmışdı. Belə ki, o, müntəzəm olaraq “Qələbə” parkına gedir və avtomobilini ABŞ diplomatlarının ənənəvi gəzişdiyi yerdə saxlayırdı. Lubyankada haqlı olaraq ehtimal edilirdi ki, Xarici İşlər Nazirliyinin əməkdaşı bununla şəxssiz əlaqə vasitələri - saxlanc yeri müəyyənləşdirməklə məşğuldur.



Agent 1977-ci il iyun ayının 21-də həbs edilib. Lakin DTK veteranlarının bu məsələyə münasibəti müxtəlifdir. Bəziləri bunu Sovet əks-kəşfiyyat orqanlarının böyük uğuru kimi qiymətləndirsələr də (əməliyyatı həyata keçirən qrupun rəhbəri “Qırmızı Ulduz” ordeni almışdır), bəziləri bir sıra səbəblərdən bunu MKİ-nin uğuru kimi dəyərləndirirlər və amerikalıların özünün onu aradan qaldırmağa kömək etdiklərini qeyd edirlər. Bununla amerikalılar Sovet əks-kəşfiyyatının diqqətini özlərinin Smolensk meydanındakı (SSRİ Xarici İşlər Nazirliyindəki) daha qiymətli agentlərindən yayındırmağa müvəffəq olublar.

Əməliyyatın adı “Kayman”, obyektin təxəllüsü isə “Aqronom” olub. Filmdə göstərildiyi kimi, A.Oqorodnik müstəntiqdən ona izahat yazmaq üçün öz şəxsi qələmini verməyi xahiş etmiş və qələmin içərisində yerləşdirilmiş zəhəri içərək, intihar etmişdi.

Nəzakət Məmmədova
AzVision.az üçün


Teqlər: #Kəşfiyyat  





Xəbər lenti