"Fazil Məmmədov güləşçiləri nəzarətdə saxlayır" - Firdovsi Umudov

"Fazil Məmmədov güləşçiləri nəzarətdə saxlayır" - Firdovsi Umudov
  15 Yanvar 2018    Oxunub:3647
Azərbaycanın güləş üzrə yığma komandaları qarşıdan gələn yarışlara hazırlığı Olimpiya Güləş Mərkəzində davam etdirirlər.
Sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandalar yanvarın 14-dən ilin ilk təlim-məşq toplanışına cəlb olunublar. Fevralın 1-dək davam edəcək toplanışa Qazaxıstanın və Ukraynanın sərbəst güləş üzrə yığma komandaları da qoşulublar.

Yanvarın 15-də Azərbaycan Güləş Federasiyanın (AGF) birinci vitse-prezidenti Firdovsi Umudov hər üç yığma komandanın məşq prosesini izləyib, güləşçilərin hazırkı vəziyyəti və qarşıdan gələn yarışlara hazırlığı ilə tanış olub.

Yığmanın üzvləri ilə söhbət edən Firdovsi Umudov ilk növbədə idmançıların nizam-intizam qaydalarına riayət etməsinin vacibliyini bildirib: “Uğur qazanmaq üçün intizamlı olmaq, proqram əsasında çalışmaq vacibdir. Güləşçilərimiz hər zaman mötəbər yarışlardan qalib ayrılaraq xalqımızı, dövlətimizi sevindiriblər. Qazanılan qələbələr dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Çalışmaq lazımdır ki, bundan sonra da nailiyyətlərimizlə güləş azarkeşlərini, xalqımızı sevindirək. Bunun üçün federasiya rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb. Federasiya prezidenti yığma komandaların hazırlıq prosesini daim nəzarətdə saxlayır”.



Təlim-məşq toplanışlarının artıq başladığını deyən birinci vitse-prezident güləşçilərin məşq proseslərindən maksimum yararlanmalarının vacibliyini bildirərək deyib: “Bizim, məşqçilərin və idmançıların üzərinə düşən ən vacib məsələ hazırlıqları ən yüksək səviyyədə davam etdirmək və qələbələr qazanmaqdır. Güləşçilər özləri də fiziki və taktiki hazırlıqlarının artırılması üçün məşq proseslərindən maksimum faydalı istifadə etməyə çalışmalıdır. Hər bir yığma komanda üzvünün qələbə qazanmaq potensialı var, sadəcə əzmlə çalışıb mövcud potensialı ortaya qoymaq lazımdır”.

AzVision.az


Teqlər: Güləş   Federasiya   Firdovsi-Umudov  





Xəbər lenti