Borisov Azərbaycana niyə gəlmişdi? - ŞƏRH

Borisov Azərbaycana niyə gəlmişdi? - ŞƏRH
  16 Yanvar 2018    Oxunub:2530
Ötən gün Bolqarıstanın baş naziri Boyko Borisov Azərbaycanda işgüzar səfərdə olub. Baş nazir səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirib. Dövlət rəsmiləri daha sonra mətbuata bəyanatla çıxış ediblər. Görüşlər zamanı iki ölkə arasında əlaqələr, o cümlədən enerji məsələləri geniş müzakirə mövzusu olub.
Prezident İlham Əliyev danışıqların əsas mövzusunun energetika sahəsi ilə bağlı olduğunu bildirib. Ölkə başçısı mətbuata bəyanatında vurğulayıb ki, “Cənub Qaz Dəhlizi"nin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaq:

"Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın vaxtlarda Azərbaycan qazı da eyni funksiyanı daşıyacaq. “Cənub Qaz Dəhlizi"nin icrası uğurla gedir. "Şahdəniz-2" layihəsinin icrası 99 faizə çatıb. "Şahdəniz-2" "Cənub Qaz Dəhlizi" üçün əsas resurs bazasıdır. Eyni zamanda bu il TANAP layihəsinin yekunlaşdırılması nəzərdə tutulur. Bu layihənin icrası artıq 90 faizə çatıb. Beləliklə bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra olunur. “Cənub Qaz Dəhlizi" layihəsinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaq. Biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir".



Ölkə başçısı bəyan edib ki, onun tapşırığı ilə SOCAR Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdıracaq: “Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər. Hesab edirəm ki, Bolqarıstanda da qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyəti həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola bilər. Müvafiq göstərişlər verilib və əminəm ki, danışıqlar tezliklə başlanacaq".



Bolqarıstan ərazisinin cəmi 3 faizinin qazlaşdırıldığını deyən Borisov isə Azərbaycandan münasib qiymətlə qaz alacaqlarına ümid etdiyini söyləyib. O, çıxışında bildirib:

“Son günlər, xüsusən də qış dövründə hava çirklənir, özü də səbəb sənaye istehsalı və avtonəqliyyat deyil, məişətdə odun və kömürün yanacaq kimi istifadə olunmasıdır. Biz istərdik, elə məişət yanacağından istifadə olunsun ki, ətraf mühitə zərər yetirilməsin. Hörmətli Prezident İlham Əliyevin xeyir-duası ilə bizim şirkətlə SOCAR arasında 1 milyard kubmetr həcmində Azərbaycan qazının sərfəli qiymətlərlə çatdırılması məsələsi həllini tapacaq. Əgər hörmətli Azərbaycan Prezidentinin dəstəyi ilə ölkəmizin qazlaşdırılmasına nail olsaq, biz əhalinin sosial cəhətdən zəif təbəqəsi üçün qazın təchizatı mümkünlüyünü təmin edə biləcəyik və onlar daha odundan, kömürdən istifadə etməyəcəklər. Hər iki ölkənin energetika və iqtisadiyyat nazirlərinin iştirakı ilə bu işin həyata keçirilməsi üçün miqdar və müddətə dair plan tətbiq ediləcək. Çünki Azərbaycan tərəfi qazın təchizatının ən sərfəli qiymətlərini təklif edir. Bir milyard kubmetr qaz Bolqarıstanda böyük sayda evləri məişət qazı ilə təmin edəcək”.



Bolqarıstan baş nazirinin Azərbaycana səfərini AzVision.az-a şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib ki, səfər zamanı ikitərəfli iqtisadi əlaqələrin inkişafı, Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsinin artırılması, o cümlədən ölkələrimiz arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə olunub.

“2013-cü ildə Bolqarıstanın dövlət şirkəti “Bulgargaz” Şahdəniz konsorsimu ilə 1 milyard kub metr qazının alınmasına dair kommersiya alqı-satqı müqaviləsi imzalayıb. Bolqarıstan 2020-ci ildən TAP üzərindən çəkilmiş yan boru kəməri ilə bu qazı ölkəyə qəbul edəcək. Bolqarıstan hazırda Azərbaycana yeni təkliflə çıxış edir ki, SOCAR bu ölkənin qazlaşdırılması layihəsində iştirak etsin. Bolqarıstan Avropa Komissiyasının normativləri əsasında öz ölkəsinin qaz təsərrüfatının yenilənməsi layihəsi üzrə tender elan edib və 2019-cu ildə onu reallaşdırmaq istəyir. Bununla bağlı onlar Azərbaycanı da ölkələrində bu layihənin iştirakçısı, bəlkə də qalibi kimi görmək arzusudadırlar və bu niyyətlərinə Azərbaycanın siyasi dairələrinə çatdırıblar.

Hesab edirəm ki, bu, Azərbaycan üçün maraqlı layihədir. Çünki ölkə hüdudlarından kənarda ilk belə işi məhz Gürcüstanda həyata keçirmişik. Mərhələ-mərhələ onu genişləndirmişik. Hesab edirəm ki, Bolqarıstan hökuməti bunu öyrəndikdən sonra Azərbaycana belə bir təkliflə çıxış edib. Artıq Azərbaycan prezidenti İlham Əliyev SOCAR-a Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırması üçün tapşırıq verib”.

İ.Şaban qeyd edib ki, Bakı ilə Sofiya arasında açılan birbaşa təyyarə reysi iki ölkə arasında əlaqələrin genişləndirilməsində xüsusi önəm kəsb edir.



İqtisadçı deputat Aydın Hüseynov isə bildirib ki, Azərbaycanın Avropa ölkələri ilə iqtisadi və siyasi əlaqələri getdikcə genişlənir. Bu ölkələrdən biri də Bolqarıstandır.

“Bolqarıstanla olan tarixi əlaqələrimiz getdikcə dərinləşir. Bunu ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, ikitərəfli əlaqələrin inkişafına təkan verən müqavilələrin bağlanması təsdiq edir. 2020-ci ildə Azərbaycan qazı Avropaya çatdırılacaq. Düşünürəm ki, bundan sonra Azərbaycan Bolqarıstanın qazlaşdırılmasını öz üzərinə götürə bilər. Çünki, bu sahədə Azərbaycanın böyük təcrübəsi var. Ona görə də Bolqarıstanın qazlaşdırılması ilə bağlı keçiriləcək tenderdə SOCAR-ın iştirak edəcəyini güman edirəm”.

Millət vəkili hesab edir ki, Bolqarıstan Bakı-Tbilisi-Qars layihəsinin genişlənməsində mühüm rol oynaya bilər: “Avropa ölkəsi olan Bolqarıstan mühüm coğrafi mövqeyə malikdir. Ona görə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində Bolqarıstan mühüm rol oynaya bilər. Bolqarıstan baş naziri bildirdi ki, bunun üçün öz dəmir yolları şəbəkələrini hazırlayırlar. O, qeyd etdi ki, bu, həm Azərbaycan, həm Qazaxıstan, həm də Çinlə əlaqə deməkdir. Yəni, Çindən gələn qatarlar Bolqarıstan dəmir yolları vasitəsilə Avropa ölkələrinə çıxa bilər”.



Bakı-Sofiya birbaşa aviareysin açılmasına gəlincə, A.Hüseynov vurğulayıb ki, bu, turizmin inkişafına təkan verəcək: “İlk növbədə bu aviareysin açılışı turizmin inkişafına təkan verəcək. Eyni zamanda xalqlarımızın bir-birinə mədəni, iqtisadi əlaqələrinin genişlənməsinə gətirib çıxardacaq. Bu baxımdan Bakı-Sofiya birbaşa aviareysinin açılması mühüm hadisədir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Azərbaycan   Bolqarıstan   Səfər  





Xəbər lenti