Bəzi ölkələrin vətəndaşlarının ABŞ-yə girişi bağlanacaq

   Bəzi ölkələrin vətəndaşlarının ABŞ-yə girişi bağlanacaq
  07 Mart 2025    Oxunub:951
Ağ Ev administrasiyası bəzi ölkələrin vətəndaşlarına Donald Trampın ilk prezidentliyi dövründə tətbiq edilənlərdən daha geniş olacaq yeni səyahət qadağasını nəzərdə tutan layihə üzərində işini yekunlaşdırır.
AzVision.az xəbər verir ki, məsələ ilə tanış olan iki məmura istinad edən “The New York Times (NYT)” qəzetinin yazdığına görə, layihədə vətəndaşlarının ABŞ-yə girişinə qadağa qoyulacaq ölkələrin “qırmızı” siyahısının tərtib olunmasını ehtiva edir.

“Siyahı əsasən əvvəllər ona daxil edilmiş dövlətlərdən ibarətdir. Həmin vaxt ona Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən daxil idi. İndi Əfqanıstanın da bu siyahıya salınması təklif edilir”, - nəşrin həmsöhbətlərindən biri deyib.

Müharibə zamanı ABŞ ordusu ilə işləyən Əfqanıstan vətəndaşlarının köçürülməsinə kömək edən qeyri-kommersiya təşkilatının rəhbəri Şon Vandayver bildirib ki, rəsmilərdən Əfqanıstan vətəndaşlarının Birləşmiş Ştatlara girişinə tamamilə qadağa qoyulacağını öyrənib.

Məsələ ilə bağlı üç mənbəyə istinad edən “Reuters” agentliyinin yazdığına görə, yeni giriş qadağası gələn həftə Əfqanıstan və Pakistan vətəndaşlarına şamil oluna bilər.

“NYT” layihənin giriş məhdudiyyətlərinin daha az sərt olacağı ölkələrin “narıncı” və “sarı” siyahılarını da nəzərdə tutduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   ölkələr   qadağa  





Xəbər lenti