Tramp Ərdoğanın qarşısından geri çəkilir?

  16 Yanvar 2018    Oxunub : 2559
Tramp Ərdoğanın qarşısından geri çəkilir?
Pentaqon ABŞ-ın Türkiyə-Suriya sərhədində 30 minlik YGP ordusunun yaratması ilə bağlı Ankaranın etirazına səbəb olan qərarına münasibət bildirib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Pentaqonun yaydığı açıqlamada hazırda bu istiqamətdə Ankara ilə danışıqlar aparıldığı qeyd edilib.

"Türkiyənin narahatlığını anlayırıq. Hazırda bununla bağlı Türkiyə rəhbərliyi ilə danışıqlar aparırıq", - deyə Pentaqonun açıqlamasında bildirilib.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin təmsilçisi Rayan Dillon də Türkiyənin Afrində planlaşdırdığı əməliyyata münasibət bildirib. Onun sözlərinə görə, Afrin koalisiya qüvvələrinin əməliyyat keçirdiyi bölgə deyil: “Biz Əbu-Kamal bölgəsinin şimalı və Fərat çayının şərq sahillərində İŞİD-i məğlub etmək üçün müttəfiqlərimizə dəstək veririk. Qüvvələrimizin İŞİD-i İraqSuriyanın ərazilərindən çıxarmaq üçün əməliyyatları davam edir”.

Daha sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Danışıq zamanı Ərdoğan Suriyada YPG-nin başçılığı ilə yeni ordunun yaradılmasını qəbul etməyəcəklərini bildirib.

Türkiyə prezidenti deyib ki, belə ordunun yaradılması Suriyanın sabitliyinə və təhlükəsizliyinə ciddi zərbədir. Ərdoğan əlavə edib ki, Türkiyə konstitusion haqlarından istifadə edərək sabitliyini və təhlükəsizliyini qoruyacaq.

Stoltenberq isə vurğulayıb ki, terror hücumlarından qorunmaq Türkiyənin ən ali haqlarından biridir.

Bəzi ekspertlər hesab edirlər ki, ABŞ Türkiyənin sərt tələbindən dolayı geri addım ata bilər. Pentaqon Ankara ilə danışıqlar aparaq kompromis əldə etməyə çalışır. Hazırda danışıqların nə ilə yekunlaşacağını demək çətindir.

Qeyd edək ki, Ərdoğan bundan əvvəlki açıqlamasında Suriyanın Mənbic və Afrin bölgələrində YPG qüvvələrinə qarşı əməliyyat keçirə biləcəyini bəyan edib. Artıq bölgədə əməliyyatlara hazırlıqlar görülür.

AzVision.az

Teqlər: Türkiyə   ABŞ   Afrin   YPG