Təhsillə bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılır

Təhsillə bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılır
  17 Yanvar 2018    Oxunub:2367
Milli Məclisin Elm və təhsil komitəsi yaz sessiyasında “Peşə təhsili haqqında” qanun layihəsini müzakirəyə çıxaracaq. Artıq komitə, İşçi qrupu və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birlikdə qanun layihəsi üzərində iş tam başa çatıb.
Bu barədə AzVision.az-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, qanun layihəsi bir neçə dəfə beynəlxalq ekspertlər və işçi qrupunun iştirakı ilə müzakirə olunub.

“Qanun layihəsinə komitədə baxılaraq plenar iclasa tövsiyyə olunub. Yəqin ki, ilk iclasların birində “Peşə təhsili haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Qanun layihəsində peşə təhsilində dövlət, özəl sektor, bələdiyyə peşə məktəblərinin fəaliyyət göstərməsi müəyyən olunur. Bunun hər birinin funksiyaları aydınlaşdırılır. İlk, texniki və yüksək peşə təhsili kimi pillələr müəyyən olunub. Qanun layihəsində bunların təhsil müddətləri, fəaliyyət istiqamətləri, bu istiqamətdə beynəlxalq əməkdaşlıq, lisenziyalaşmaya dair çoxsaylı məsələlər öz əksini tapıb”.

İ.Həbibbəyli, həmçinin bildirib ki, Elm və təhsil komitəsi 2018-ci ildə “Ümumtəhsil orta məktəbi haqqında” qanun layihəsini gündəmə gətirməyi qərarlaşdırıb.

Komitə sədri bəyan edib ki, “Peşə təhsili haqqında” qanun layihəsinin plenar iclasda birinci müzakirəsi keçirildikdən sonra ümumtəhsil məktəbi haqqında qanun layihəsinin hazırlanması üçün İşçi qrupu formalaşdırılacaq. Hazırda bu istiqamətdə işlər aparılır”.

Aytən Zəhra
AzVision.az


Teqlər: İsa-Həbibbəyli   Qanun   Layihə   Təhsil  





Xəbər lenti