Media nümayəndələrinə məlumat verilib ki, bu məktəbdə təhsil alan İsmət Ağayev 2015-ci ildə Riyaziyyat üzrə Respublika fənn olimpiadasında birinci yerin qalibi olub. Bu günədək Qubada 3 belə məktəb istifadəyə verilib və bu iş hazırda davam etdirilir.
Modul tipli məktəblərin üstünlüyü onların az məsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.
Qeyd edək ki, yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkə başçısı sosial infrastrukturla bağlı çox ciddi addımlar atıldığını deyib. Bildirib ki, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb.
2018-ci ildə də sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu söyləyən dövlət başçısı bəzi rəqəmləri diqqətə çatdırıb. Belə ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək.
Aytən Zəhra
AzVision.az