Ərdoğan AŞPA-dakı çıxışına görə Səməd Seyidova təşəkkür etdi - VİDEO

  26 Yanvar 2018    Oxunub : 45655
Ərdoğan AŞPA-dakı çıxışına görə Səməd Seyidova təşəkkür etdi - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidova qurumun iclasında Türkiyənin Afrin bölgəsində keçirdiyi antiterror əməliyyatına dəstək olduğuna görə təşəkkür edib.
AzVision.az “Hüriyyet”ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında bildirib:

“Türkiyənin Afrindəki əməliyyatı yalnız terror təşkilatlarına, terrorçulara qarşıdır. Avropa Parlamentində bu əməliyyatı istila olaraq göstərmək istəyənlərə deyirəm ki, gedin işğalçıları Liviyada, Ruandada, Malidə axtarın. Azərbaycanlı millət vəkili Səməd qardaşıma isə qətiyyətli davranışına görə təşəkkür edirəm”.



Türkiyə prezidenti qeyd edib ki, “Zeytun budağı” əməliyyatı zamanı 7 gün ərzində 343 terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, millət vəkili Səməd Seyidov AŞPA-da avropalı diplomatların Afrin əməliyyatını “istila” kimi qələmə verməsinə sərt münasibət bildirib.



S.Seyidov çıxışında deyib: “Burada bəzən çox qəribə mövqelər görürəm. Hamımız bu gün terrordan əziyyət çəkdiyimizi bilirik. Sadəcə Türkiyə deyil, Niderland, Belçika, İngiltərə, Fransa, Azərbaycan da... Terror Avropa sərhədində bir xərçəngdir. Bir ölkə bu xəstəliyə mane olmaq üçün əlindən gələni edirsə, biz buna hesabatımızda “istila” və ya “müdaxilə” deyə bilmərik. Türkiyə iki terror təşkilatı olan İŞİD və PKK-ya qarşı mübarizə aparır. Bunlar Avropa bəşəriyyəti üçün böyük təhdidlərdir. Türkiyə bu təhdidi aradan qaldırmaq üçün hərəkətə keçib, bu hərəkət istila deyil. Türkiyənin bu gün dəstəyimizə ehtiyacı var. Türkiyənin buna nail olacağını ümid edirəm. Yaşasın bir millət, iki dövlət”.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Türkiyə   Azərbaycan   AŞPA