Nicat Dağlardan Prezidentə: `Göydə Allah, yerdə Siz`

Nicat Dağlardan Prezidentə: `Göydə Allah, yerdə Siz`
  28 Sentyabr 2013    Oxunub:1746
`Bu möcüzəni göydə Allah, yerdə Siz yaratdınız`.

Bir müddət öncə leykoz xəstəliyindən əziyyət çəkən tanınmış jurnalist Nicat Dağlar ölkə prezidenti İlham Əliyevin dəstəyi nəticəsində Almaniyada müalicə aldı. N.Dağlar özünü yaxşı hiss etdiyini bildirib.

Jurnalist dövlət tərəfindən ona göstərilən qayğıya görə ölkə prezidenti İlham Əliyevə təşəkkür məktubu yazıb.

AzVision.az həmin məktubu oxuculara təqdim edir:

“Hörmətli cənab Prezident!

Sizə ünvanladığım minnətdarlıq müraciətini hindistanlı Nobel mükafatçısı, yazıçı Rabindrat Taqorun fikri ilə başlamaq istəyirəm: “Dünyaya hələ də uşaqlar gəlirsə, deməli bu dünyanı xilas etmək olar”. Uşaq kimi yenidən dünyaya qayıtmağım möcüzə idisə, bu möcüzəni göydə Allah, yerdə Siz yaratdınız. Mən 1975-ci ildə dünyaya gəlmişdim, 2013-cü ildə ikinci dəfə həyata qayıtdım.

Hörmətli cənab Prezident, “yaşayacağam” qənaətinə Tbilisidəki xəstəxanada gəldim. Həkim ağır xəstə olduğumu üzümə dedi. Balalarımla vidalaşma səhnəsini əks etdirən filmin çəkilməsini belə istəmərəm. Hər şeyə sonuncu dəfə baxırmışam kimi baxırdım. İntihar, uşaqlarımın yanında yıxılmamaq, hər gün şam kimi əriməmək üçün tutduğum ən zərif budaq idi. Siz məni həmin budaqdan tutmağa qoymadınız. Məhz Siz, cənab Prezident, öz göstərişinizlə hər şeyi dəyişdirdiniz. Ölmüş ümidlərimi diriltdiniz, mənə ruh verdiniz, xəstəliyi yenəcəyimə əminlik yaratdınız. Sizin göstərişiniz barədə məlumatı Gürcüstan həkimləri də mətbuatdan almışdılar. “Belə Prezidenti olan ölkə xoşbəxtdir”, bu, gürcü həkimlərinin qənaəti idi. Mən bundan qürur duyurdum, qürrələnirdim.

Müalicəm barədə göstərişinizdən sonra Almaniyaya göndərilməyim uzun çəkmədi. Almaniyanın Bad Wildungen şəhərinin Hematologiya klinikasının həkimləri Azərbaycan Prezidentinin qərarından danışırdılar. Onlar heyrətlənmişdilər.
Tez-tez ölkəmin adını çəkirdilər, Prezidentimin ünvanına xoş sözlər deyirdilər. Tərcüməçi sözləri bir-bir tərcümə edirdi, mən isə damla-damla sağalırdım.

Həkimim professor Ştahl həmin damlaların məhz inam olduğunu izah edəndə, Sizi bir daha minnətdarlıq hissi ilə xatırladım. Siz böyüklük göstərdiniz, çox sağ olun cənab Prezident!

Ölkəyə qayıdanda mətbuatda verdiyim açıqlamalarımın ilk cümləsi belə oldu: “Məni Prezident İlham Əliyev dünyaya qaytardı”. Allah öz köməyini seçilmiş bəndələrindən birinin əli ilə göstərir. Həmin bəndə Siz oldunuz. Ən ağır anlarımda məhz Siz yanımda dayandınız, Allah da Sizin yanınızda və köməyinizdə olsun. Mənim övladlarıma, ailəmə, əzizlərimə yaşatdığınız sevincin qarşılığını həmişə görəcəksiniz. Siz hər bir azərbaycanlının Prezidenti olmağı bacardınız və buna görə də uğur həmişə Sizinlə olacaq!

Möhtərəm Prezident, şükürlər olsun ki, müalicəm uğurla davam edir. Dövlətimizin xüsusi qayğısını hər an hiss edirəm.
Oktyabr ayının ikinci yarısında yenidən Almaniyaya yollanmalı və müayinələrdən keçməliyəm.

Hansı qərarın verilməsindən asılı olmayaraq inanıram ki, mən bu xəstəliyin kürəyini yerə vura biləcəyəm. Buna əminəm və bu əminliyi məndə Siz yaratdınız. Ağır anlarımda mənə mənzil hədiyyə etməyiniz isə sevincimizə sevinc qatdı. Buna görə də Sizə ayrıca minnətdarlığımı bildirirəm.

Çox hörmətli Prezident, Sizə öz adımdan, ailəm, doğmalarım və jurnalist dostlarımın adından bir daha təşəkkürümü bildirir, şəxsinizə cansağlığı, işlərinizdə uğurlar arzu edirəm. Əminəm ki, oktyabrın 9-da Siz növbəti qələbənizi qazanacaq və Azərbaycan dövlətinin sükanı arxasında möhkəm dayanacaqsınız”.

AzVision.az


Teqlər:  





Xəbər lenti