Qalib layihələrin rəhbərləri ilə görüş keçirilib

Qalib layihələrin rəhbərləri ilə görüş keçirilib
  01 Fevral 2018    Oxunub:2213
2018-ci il fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi Gənc alim və mütəxəssislərin 4-cü xüsusi – “Mənim ilk qrantım” müsabiqəsi üzrə qalib layihələrin rəhbərləri ilə təqdimat xarakterli görüş keçirilib.
AzVision.az xəbər evrir ki, təqdimat mərasimində çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev görüşün 2 fevral - Gənclər günü ərəfəsində keçirilməsinin xüsusi önəm daşıdığını, ölkədə gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu deyib. İcraçı direktor qeyd edib ki, Elmin İnkişafı Fondu mütəmadi olaraq 35 yaşadək gənc alim və mütəxəssislər üçün qrant müsabiqələri keçirir, bu ənənə müxtəlif formatlarda bu gün də davam etdirilir. Gənc alim və mütəxəssislərin Fondun qrantları vasitəsilə dəstəklənməsi ölkədə kadr potensialının artırılması işinə xüsusi töhfə sayıla bilər. Fond fəal çalışan gənc alimlər haqqında məlumat bazasının yaradılması üzrə işləri də yerinə yetirir. Ölkənin gənc alimləri adıçəkilən xüsusi müsabiqələrdə iştirakla yanaşı, Fondun digər müsabiqələrində də layihə üzrə yaradıcı kollektivlərin tərkibində elmi-tədqiqat işlərinin yerinə yetirilməsində fəallıq göstərirlər.

E. Babayev qeyd edib ki, gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsi çərçivəsində 25, 2-ci müsabiqəsi üzrə 25 və 3-cü müsabiqəsi çərçivəsində 24 layihə qalib elan edilib, ötən illər ərzində bu layihələr uğurla yerinə yetirilib.

Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsi (“Mənim ilk qrantım”) isə Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən birgə təşkil olunub. Müsabiqə ölkədə elmin inkişaf prioritetlərinə uyğun olaraq, Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi arasında formalaşmış əməkdaşlıq əlaqələri, bu iki qurum arasında 2017-ci il 22 may tarixində imzalanmış Protokolun müddəaları nəzərə alınmaqla keçirilib. 2017-ci il mayın 25-də elan edilən müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 34 layihə daxil olub, müsabiqənin nəticələri isə 2018-ci il yanvarın 16-da açıqlanıb. "Mənim ilk qrantım" üzrə ümumi maliyyələşdirilmə həcmi 600000 manat olmaqla 19 qalib layihə müəyyənləşdirilib.

Gənc alim və mütəxəssislərin 4-cü qrant müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Geologiya və Geofizika, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Ədəbiyyat institutlarında, AMEA Naxçıvan Bölməsinin Bioresurslar institutunda, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Slavyan Universitetində, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında, “Gənclər Turizmi” ictimai birliyində və “Azərbaycan Elm Assosiasiyası”nda yerinə yetiriləcək.

Qalib layihələrdən 17-si fundamental-tətbiqi xarakterlidir, 2 layihə üzrə isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş "Neft və geoekologiya" mövzusunda 1-ci beynəlxalq məktəb-seminar və “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı təşkil olunaraq keçiriləcək. Fizika-riyaziyyat və texnika elmləri üzrə 3 layihə, Yer haqqında elmlər üzrə 3 layihə, Kimya elmləri üzrə 4 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 3 layihə, Humanitar və ictimai elmlər üzrə isə 6 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 14-ü qadın, 5-i isə kişidir.

AzVision.az


Teqlər: Elmin-İnkişafı-Fondu  





Xəbər lenti