“Azərişıq”dan “ASAN xidmət” vasitəsilə daha bir yenilik

“Azərişıq”dan “ASAN xidmət” vasitəsilə daha bir yenilik
  05 Fevral 2018    Oxunub:1639
“Azərişıq” ASC-dən “ASAN xidmət” vasitəsilə daha bir yenilik edilib. Artıq əhali-abonentlər bölgələrdəki bütün “ASAN xidmət”lər vasitəsilə evinə, bağına və ya həyətinə işıq çəkdirə biləcək.
ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Azərişıq” “ASAN xidmət” vasitəsilə həyata keçirdiyi xidmətlərin əhatəsi bir qədər də genişləndirilib. ASC-nin “ASAN xidmət” vasitəsilə həyata keçirdiyi 10 xidmət arasında əsas yeri və “Doing bisness”in tələblərinə uyğun olaraq xüsusi çəkisi olan “istehlakçıların elektrik təchizatı şəbəkəsinə qoşulması” və ya texniki şərtlərin verilməsi adlandırılan xidmət artıq bütün ölkə üzrə təmin edilməkdədir.

Əgər indiyədək əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması Bakı, Sumqayıt, Quba “ASAN xidmət” və “ASAN kommunal”ları vasitəsilə həyata keçirilirdisə, indi Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıda fəaliyyət göstərən bütün “ASAN xidmət” və “ASAN kommunal”lar vasitəsilə bölgələrdəki insanlar evinə, bağına, yaxud həyətinə işıq çəkdirə biləcəklər.

Eyni zamanda, “Doing bisness”in qiymətləndirmə tələblərində başlıca yer tutan sahibkarların daha asan və sadə yolla elektrik şəbəkəsinə qoşulması istiqamətində də ciddi addımlar atılır. Artıq paytaxtdakı “ASAN kommunal” mərkəzlərindən əlavə Sumqayıt, Gəncə və Quba “ASAN kommunal” mərkəzlərində də 150 kVt-a qədər qeyri-əhali abonentlərin tikinti, ticarət, iaşə və digər obyektlərinə işıq çəkdirə bilirlər. Ən qısa vaxtda 150 kVt-a qədər qeyri-əhali abonentlərin obyektlərinə işıq çəkilmə prosesinin digər rayonlardakı “ASAN xidmət” mərkəzlərini əhatə edəcəyi gözlənilir. Bununla bağlı tezliklə yeniliklər olacaq və dərhal ictimaiyyət məlumatlandırılacaq.

Başqa bir yenilik isə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulma prosesinin daha sadə və çevik formada aparılmasının “Azərişıq” ASC-nin elektron xəritəsi üzərindən həyata keçirilməsi və bunun bölgələrdə də tətbiqidir.

AzVision.az


Teqlər: Azərişıq   ASAN-Xidmət  





Xəbər lenti