FAO-dan Azərbaycana dəstək

  07 Fevral 2018    Oxunub : 436
FAO-dan Azərbaycana dəstək

Azərbaycanda dayanıqlı meşə təsərrüfatının qurulması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatının dəstəklədiyi meşə sahəsində bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi layihəsinin əsas məqsədidir.

AzVision.az xəbər verir ki, Qlobal Ekologiya Fondunun maliyyələşdirdiyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) həyata keçirdiyi layihə meşələrin sosial və iqtisadi səmərəliliyini və karbonun udulmasını artırmaq, eləcə də mövcud meşələrin keyfiyyətinin yaxşılaşdırmaq məqsədini daşıyır.

Layihə meşəçilik sahəsində məlumatların toplanması, qiymətləndirilməsi və hesabatların tərtibi üçün müasir metodikanın hazırlanmasına, operativ milli meşə qiymətləndirmə və monitorinq sisteminin qurulmasına, seçilmiş pilot ərazilərdə meşə təsərrüfatının planlaşdırılmasının təkmilləşdirilməsinə töhfə verəcək. Yerli kiçik fermerlər üçün gəlir gətirən fəaliyyətlərin nümayiş etdirilməsi və tətbiqi imkanlarının araşdırılması ilə yanaşı, deqradasiyaya uğramış meşə fondu torpaqlarında karbon ehtiyatlarının artırılması, meşə ehtiyatları barədə yenilənmiş məlumatların və istiqamətlərin təchiz edilməsi, əldə edilmiş təcrübələrin və müvafiq qaydaların yayılması vasitəsilə dayanıqlı meşə idarəçiliyinin təmin edilməsi layihənin başlıca nəticələri sırasına daxildir.

Layihə çərçivəsində cəlb ediləcək beynəlxalq və yerli mütəxəssislərin köməyi ilə ETSN-in əməkdaşlarına meşələrin qiymətləndirməsi və monitorinqi sisteminin operativləşdirilməsi, meşə və karbon ehtiyatlarının inventarlaşdırılması, “Collect Earth” proqram təminatından, eləcə də karbonun hesablanması üçün Ex-Act karbon balans qiymətləndirmə sistemindən istifadə barədə modullar üzrə təlim keçiriləcək. Meşə təsərrüfatının planlaşdırılması və Coğrafi İnformasiya Sistemi barədə praktik və əməli təlimlər də layihə boyu icra olunacaq.

Bununla yanaşı, layihə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası ilə bağlı Paris Sazişindən irəli gələn öhdəliklərini icra etməsinə köməklik göstərəcək. Qeyd edək ki, Paris Sazişinə qoşulmaqla ölkə 2030-cu ilə kimi 1990-cı ilə nisbətdə istilik effekti yaradan qaz tullantılarını 35 faizə qədər azaltmaq öhdəliyini götürüb.

Tədbirdə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı departamentinin direktor əvəzi Söhrab Abbasov, Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov, FAO-nun müvafiq olaraq Roma və Ankaradakı baş qərargahı və Mərkəzi Asiya üzrə subregional ofisindən layihənin texniki və əməliyyat heyəti çıxış edib.

İştirakçı qismində tədbirdə ETSN-nin müxtəlif departamentlərindən olan mütəxəssislər, müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: FAO   Azərbaycan