Nazirlik 519 vakant yer üçün müsahibə elan edib
Elan olunmuş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyənləşdirilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsahibədə iştirak üçün müraciət etmiş namizədin forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu mərkəz tərəfindən yoxlanılır və təsdiqləndikdən sonra namizəd müsahibədə iştirak üçün qeydə alınır.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak üçün qeydə alınır. Çatışmazlıqlar üç iş günü müddətində aradan qaldırılmadıqda namizəd müsahibədə iştirak üçün qeydə alınmır.
Namizəd müəyyənləşdirilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim olunmuş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkarlandıqda namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab olunur. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar mərkəz tərəfindən qəbul olunur və namizədə bu barədə üç iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Müsahibə proqramları ilə DİM-in portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq mümkündür.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınmaqla vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyənləşdirilir:
• struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
• vəzifə təlimatlarında vəzifə üzrə müəyyənləşdirilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.
AzVision.az