Cənubi Koreyada Azərbaycan bayrağı qaldırıldı

Cənubi Koreyada Azərbaycan bayrağı qaldırıldı
  08 Fevral 2018    Oxunub:4763
Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən XXVIII Qış Olimpiya Oyunlarına yollanacaq nümayəndə heyətimizin tam tərkibinə aydınlıq gəlib.
Azərbaycan Gənclər və İdman Nazirliyindən (AGİN) AzVision.az-a verilən məlumata görə, nümayəndə heyəti səkkiz nəfərdən ibarət olacaq.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyətinə bu qurumun baş katibinin müavini Azər Əliyev, AGİN-də nazir müavini İsmayıl İsmayılov, eləcə də Xizəksürmə Federasiyasının prezidenti Rauf Xəlilov, AGİN-in İdman şöbəsinin müdiri Fərid Mansurov, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov, MOK-un İcra Aparatının rəhbərinin köməkçisi Həsənağa Rzayev, həmçinin bayraqdar və yeganə idmançımız Patrik Braxner daxildir.

Artıq Fərid Mansurov, Anar Bağırov, Həsənağa Rzayev və Patrik Braxner Cənubi Koreyadadır. Onlar bu gün Azərbaycan bayrağının Olimpiya Kəndindən rəsmi qaldırılması mərasimində iştirak ediblər. Nümayəndə heyətinin digər dörd üzvü isə sabah Uzaq Şərq ölkəsinə yola düşəcək.

Xatırladaq ki, ölkəmiz 1998-ci ildən bəri Qış Olimpiya Oyunlarında iştirak edir. Budəfəki Oyunlarda Azərbaycan dağ xizəkçiliyinin slalom və böyük slalom növləri üzrə yarışlarda təmsil olunacaq.

AzVision.az


Teqlər: Cənubi-Koreya  





Xəbər lenti