Naxçıvanda "DressCode" təhlükəsi - Xəbərdarlıq edildi

  08 Fevral 2018    Oxunub : 2573
Naxçıvanda "DressCode" təhlükəsi - Xəbərdarlıq edildi

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi əhaliyə xəbərdarlıq edib ki, 6 fevral 2018-ci il tarixindən etibarən bir çox ölkələrdə android əməliyyat sistemi olan qurğulara DressCode troyanı virusu zərbə vurmağa başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilib ki, android əməliyyat sistemi olan qurğularda işləyən və əsas fəaliyyəti qorunan şəbəkələrdən istifadəçilərə məxsus məlumatların oğurlanması olan DressCode troyanı 2016-cı ildə tədqiqatçılar tərəfindən aşkar edilib. “Google” şirkəti isə bu məsələyə dərhal reaksiya verərək tərkibində zərərverici kodu olan yoluxmuş tətbiqetmələri Play Marketdən kənarlaşdırıb. Lakin insidentin üzərindən 16 ay keçməsinə baxmayaraq, DressCode troyanının silinmədiyi və fəaliyyətini davam etdirdiyi məlum olub.

Mütəxəssislər hesab edirlər ki, “Google”in həyata keçirdiyi tədbirlərə baxmayaraq, hazırda virus tam olaraq 4 milyon qurğunu yoluxdura bilib. O, xakerlərin serverlərinə qoşulması üçün telefonu SOCKS protokolundan istifadə etməyə məcbur edir və bununla da, nəinki yoluxmuş qurğuya, hətta onun qoşulduğu şəbəkəyə də giriş əldə edə bilir. DressCode troyanı yoluxmuş qurğunu konkret İP ünvanlara sorğu göndərməklə robot şəbəkə kimi istifadə edir. Virus, eyni zamanda onlayn pulqablarına və bank hesablarına kiberhücumlar həyata keçirir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiylar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi android əməliyyat sistemi olan qurğularda təhlükədən qorunmaq üçün yerli istifadəçilərə bildirir ki, DressCode troyanı virusunu aşkar etmək mümkünsüzdür və virusun mövcudluğuna şübhə yaradacaq yeganə əlamətin akkumulyatorun vaxtından tez bitməsi hesab olunur. Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə şübhəli görünən proqramları yükləməməyi, cihaza android əməliyyat sistemi üçün lisenziyalı antivirus proqramı qurmağı, cihaz düzgün işləmədiyi təqdirdə, android əməliyyat sistemini silib yenidən yüklənməsini tövsiyə edir.

AzVision.az

Teqlər: Naxçıvan   Texnologiya   Xəbərdarlıq