“Düşmən yenidən təxribata əl atsa...” - Generaldan İrəvana xəbərdarlıq

“Düşmən yenidən təxribata əl atsa...”  - Generaldan İrəvana xəbərdarlıq
  08 Fevral 2018    Oxunub:6680
“Ermənistan tərəfinin hər bir təxribatı uğursuzluğa düçar olur. Çünki, onların qarşısında güclü Azərbaycan ordusu durub”.

Bunu AzVision.az-a ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. Azərbaycanın güclü müdafiə sistemi və müşahidə qurğularının olduğunu söyləyən general bildirib ki, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir.
Generalın sözlərinə görə, düşmənin istənilən təxribatının qarşısı uğurla alınır. Əgər işğalçı ordu yenidən təxribata əl atarsa, Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv ediləcək.

"İşğalçı ordu əlamətdar günlərdə təxribatlara əl atır. Bu təxribatlar bizim üçün gözləniləndir. Azərbaycan ordusu istənilən halda düşmənə layiqli cavab verir, nəticədə düşmən ağır itkilərə məruz qalır”.

Qeyd edək ki, Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edib. Nazirlikdən bildirilib ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: General   Aydəmirov   Ordu  





Xəbər lenti