İlham Əliyevdən yeni islahatlar anonsu

  08 Fevral 2018    Oxunub : 4714
İlham Əliyevdən yeni islahatlar anonsu
"Bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur".

AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik. Növbəti illərdə bu istiqamətdə əlavə addımlar atılacaq.

"Deyə bilərəm ki, son iki il ərzində çox ciddi iqtisadi islahatlar aparılmışdır. Əvvəlki illərdə də aparılmışdır. Ancaq son iki il ərzində daha fəal və daha səmərəli islahatlar aparılmışdır. Bu islahatlar imkan verdi ki, biz ağır vəziyyətdən, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxa bilək və çıxmışıq da. Bu gün ölkə iqtisadiyyatı öz templərini artırır. Növbəti illərdə islahatlar mütləq davam etdiriləcəkdir. İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıbdır, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil.

Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir".

Prezident vurğulayıb ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək: "Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaqdır. Deyə bilərəm ki, bu siyasət artıq öz nəticəsini vermişdir. Keçən ilin iqtisadi göstəriciləri göstərdi və sübut etdi ki, biz düzgün yoldayıq. Qeyri-neft sektorumuz, iqtisadiyyatın qeyri-neft sektoru 2,7 faiz, sənayedə qeyri-neft sektorunun artımı 3,7 faiz, kənd təsərrüfatı 4,1 faiz, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır. Bu ilin yanvar ayının nəticələri də mənə məruzə edildi. Bu barədə də demək istəyirəm. Bu, göstərir ki, mən əvvəlki aylarda dediyim kimi, 2018-ci il sürətli inkişaf ili olacaqdır.

Beləliklə, yanvar ayında Azərbaycanda ümumi daxili məhsul 2 faiz, qeyri-neft iqtisadiyyatımız təxminən 4 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. İnflyasiya birinci ayda 5,5 faizdir, əhalinin pul gəlirləri 11 faizdən çoxdur. Yəni, əhalinin gəlirləri inflyasiyanı iki dəfə üstələyir. Bu ilin yanvar ayında bizim valyuta ehtiyatlarımız 2 milyard dollar artıb və bu gün valyuta ehtiyatlarımız 44 milyard dollar təşkil edir. İlin əvvəlidir. Mən əminəm ki, 2018-ci il sürətli inkişaf ili olacaq və ondan sonrakı bütün illərə çox güclü təkan verəcək".

Prezident qeyd edib ki, kənd təsərrüfatında, sənaye sahəsində indi həyata keçirilən layihələr tezliklə, bir-iki il ərzində öz bəhrəsini verəcək.

AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident   YAP