Azərbaycandan ilk qatar İrana yola salındı

Azərbaycandan ilk qatar İrana yola salındı
  08 Fevral 2018    Oxunub:3553
Astara (Azərbaycan)–Astara (İran) dəmir yolu xətti ilə ilk sınaq yük qatarı yola salınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bu ilin martında Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir.

Fevralın 8-də Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb. Vaqonların yükü taxta və MDF-dən ibarətdir.

Yük daşımaları Departamentinin rəis müavini Pənah Kərimovun verdiyi məluma görə, hazırda İran İslam Respublikasının Astara stansiyasındakı terminalda vaqonların boşaldılması prosesi gedir.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.

AzVision.az


Teqlər: ADY   Astara   Qatar   İran  





Xəbər lenti