Xalq artisti Zərnigar Ağakişiyeva vəfat edib

  09 Fevral 2018    Oxunub : 1118
Xalq artisti Zərnigar Ağakişiyeva vəfat edib
Azərbaycanın Xalq artisti, tanınmış akrtisa Zərnigar Ağakişiyeva vəfat edib.
72 yaşında dünyasını dəyişən aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb. Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib. Onun ürəktutmasından öldüyü ehtimal olunur.

Qeyd edək ki, tanınmış teatr və kino aktrisası Zərnigar Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyeva kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə xanım - İ.Əfəndiyev "Mahnı dağlarda qaldı", Zivər - Anar "Təhminə və Zaur", Kərbəlayi Fatma - C.Məmmədquluzadə "Ölülər" və digərləri) tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

Z.Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014 ci ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsü olub. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

AzVision.az

Teqlər: Xalq-artisti   Aktrisa